media-img-20251017-wa0063

Son günlər həyatımıza sürətlə inteqrasiya olunan süni intellekt (AI) texnologiyaları insanların gündəlik fəaliyyətini, qərarvermə vərdişlərini və sosial münasibətlərini dəyişdirir. Bu texnologiyalar həm imkanlar yaradır, həm də psixoloji təsirləri ilə diqqət çəkir.

Bəs süni intellekt insanların davranışına necə təsir edə bilər?

Bu barədə psixoloq Nizami Orucov Patrulaz.az-a açıqlamasında bildirib ki, süni intellektin sürətli inkişafı insanları daha az düşünməyə sövq edir:

“Süni intellekt insan psixikasına güclü təsir edən sosial bir qüvvəyə çevrilib. Bir tərəfdən bu sistemlər həyatımızı asanlaşdırır, qərar verməyi sürətləndirir, məlumatı analiz etməyə kömək edir. Amma digər tərəfdən öz düşüncəmizə həm inamı azaldır, həm də düşünmə qabiliyyətimizi zəiflədir.

İnsan daha az düşünməyə, daha çox kənardan tövsiyə, kömək almağa vərdiş edir. Bu da düşüncədə, davranışlarda hərəkətsizlik, yaradıcılıq itkisi və “mənim qərarım” mövqeyinin zəifləməsi ilə nəticələnir”.

N. Orucov vurğulayır ki, insanlar öz duyğusuna və təcrübəsinə deyil, alqoritmə inanmağa üstünlük verirlər:

“Süni intellekt insan beynini təqlid edə bilər, amma onu əvəz etməsi mümkünsüzdür.  Problem ondadır ki, bir çoxları süni intellektin həqiqətən də düşündüyünü fikirləşirlər. Nəticədə insan öz duyğusuna, təcrübəsinə deyil, alqoritmə inanmağa başlayır.

Psixoloji baxımdan nəticədə insan düşünmür, sadəcə hazır cavab alır və dərhal tətbiq edir. Uzunmüddətli perspektivdə bu, həm şəxsiyyət formalaşmasına, həm empatiya səviyyəsinə, həm də sosial məsuliyyət hissinə ciddi təsir göstərə bilər. Ona görə də vacib olan sual süni intellektin nə qədər güclü olması deyil, bizim onu nə qədər şüurlu istifadə etməyimizdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər