media-inshot_20251023_193255385

Son illərdə süni intellektin sürətli inkişafı insan düşüncəsinə, davranışına və emosional münasibətlərinə ciddi təsir göstərir. Xüsusilə ChatGPT kimi modellərlə ünsiyyət insanların təxəyyülündə və sosial davranışlarında yeni vərdişlər formalaşdırır.

Bəs süni intellekt insan psixologiyasında hansı dəyişikliklərə səbəb olur və niyə insanlar real dostlarla deyil, daha çox süni intellektlə danışmağa üstünlük verirlər?

Bu mövzu ilə bağlı Patrulaz.az-a açıqlama verən Pisixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, süni intellekt insanın təfəkkür və idrak proseslərini dəyişdirərək onu yaradıcılıqdan çox informasiya redaktoru roluna çevirir:

“Süni intellekt artıq yalnız texnoloji fenomen deyil o, insan psixikasına, davranışına və sosial münasibətlərə birbaşa təsir edən psixoloji faktora çevrilib. Bu təsir bir neçə istiqamətdə özünü göstərir. Əsas təsiri təxəyyül və idrak proseslərinədir. Belə ki, süni intellekt alqoritmləri insanların məlumatı qəbul və emal etmə üsuluna dəyişiklik gətirir. Məsələn, ChatGPT kimi sistemlər insan beyninin yaradıcılıq, assosiasiya və qərarvermə mexanizmlərini təqlid edir. İnsan bu alətlərlə qarşılıqlı əlaqəyə girdikdə, beyin informasiya istehsalçısından çox informasiya redaktoru roluna keçir. Eyni zamanda təxəyyül, yaddaş və təhlil kimi funksiyalar daha çox kənar stimullara əsaslanmağa başlayır. Nəticədə, insan təfəkkürü “qısayollar”la işləməyə öyrəşir ki, bu da, bir tərəfdən effektivlik yaradır, digər tərəfdən yaradıcılıq müstəqilliyini zəiflədə bilir”.

media-img_0738

E.Rüstəmovun fikrincə, insanların yaxınları əvəzinə ChatGPT ilə ünsiyyət qurmasının əsas səbəbi onun tənqidsiz və xoş qarşılanmasıdır:

“Digər təsir emosional və sosial əlaqələrin transformasiyasında özünü göstərir. Bilirik ki, insan beyninin sosial əlaqələrə olan tələbatı çox güclüdür. Maraqlıdır ki, süni intellektlə ünsiyyət zamanı beyin onu da “emosional qarşı tərəf” kimi qəbul edir. Burada emosional təhlükəsizlik və qeyri-mühakimə olunma amili ön plana çıxır.

Buna görə də bir çox insanlar, öz fikirlərini dostlarına deyil, ChatGPT-yə etibar edirlər. Çünki burada qəbul olunmaq, dinlənilmək və tənqidsiz cavab almaq ehtimalı daha yüksəkdir. Bu vəziyyət sosial psixologiyada “emosional transfer” adlanır. Yəni, insan emosional bağını real insandan simvolik varlığa keçirir”.

Psixoloq həmçinin bildirib ki, süni intellekt ünsiyyəti asanlaşdırsa da, insanlarda sosial tənhalıq və emosional asılılıq riskini artırır:

“Qeyd edim ki, süni intellekt kommunikasiya prosesini asanlaşdırsa da, paradoksal şəkildə sosial tənhalığı da artırır. İnsan rəqəmsal aləmdə öz emosional tələbatını süni dialoqlarla təmin etdikcə, real münasibətlərin dərinliyinə ehtiyac azalır. Bu, xüsusilə gənc nəsildə emosional empatiyanın azalması, üz-üzə ünsiyyət bacarıqlarının zəifləməsi kimi nəticələr doğura bilər.

Bununla belə, süni intellekt yalnız risk deyil, eyni zamanda psixoloji dəstək və öyrənmə vasitəsidir. Bir çox insan üçün ChatGPT emosional tənzimləmə üçün neytral məkan rolunu oynayır, ona özünüifadə və düşüncə aydınlığı yaradır. Stres, qərarsızlıq və informasiya yüklənməsi zamanı sürətli refleksiya aləti kimi çıxış edir.

Bu gün insanların ChatGPT ilə danışmağa üstünlük verməsinin əsas səbəbi tənqidsiz dinlənilmək, emosional təhlükəsizlik hissi və dərhal cavab almaqdır. Lakin bu münasibətlərin insan-insan əlaqələrini tam əvəz etməməsi vacibdir. Süni intellekt insan zəkasını tamamlaya bilər, lakin onun yerinə keçməməlidir. Əks halda biz “emosional avtonomluq” deyil, “emosional asılılıq” mərhələsinə keçmiş olarıq”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər