iOS 26 yeniliyi: Dilinizlə ekranı hərəkət etdirə biləcəksiniz - VİDEO
Apple iOS 26 əməliyyat sistemində qeyri-adi funksiyanı təqdim edib. Yeni yenilənmə ilə istifadəçilər artıq cihazlarını üz ifadələri vasitəsilə idarə edə biləcəklər.
Patrulaz.az-ın məlumatına görə, iOS 26-nın Accessibility bölməsinə əlavə edilən bu funksiya istifadəçilərə üz mimikaları ilə müxtəlif əməliyyatları yerinə yetirməyə imkan verir. Məsələn, ekrandakı əmrləri seçmək üçün gülümsəmək, dili çıxarmaqla səhifəni hərəkət etdirmək, dodaqları bükməklə isə təsdiq əməliyyatını həyata keçirmək mümkün olacaq.
Məlumata görə, bu funksiya xüsusilə fiziki məhdudiyyətləri olan insanlar üçün nəzərdə tutulub. Bununla belə, sosial şəbəkələrdə yayılan videolarda adi istifadəçilərin də bu funksiyanı sınaqdan keçirdiyi görünür.
Apple-ın rəsmi açıqlamasında qeyd olunur ki, üz ifadələri ilə idarəetmə “Head Tracking” və “Switch Control” texnologiyaları ilə birlikdə işləyəcək.
Yeni funksiya hələlik bütün modellərdə tam aktiv deyil, amma yaxın aylarda bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir.
Gülbəniz Səfərova






