"SEPAH-ın nəzarətində olan İran ABŞ-nin şərtlərini qəbul etməyə məcbur qala bilər" - Sədrəddin Soltan
İranla ABŞ arasında şiddətli müharibədən sonra iyun ayında müvəqqəti atəşkəs razılaşması əldə olunsa da, hazırda tərəflərin yenidən bir-birinə qarşı raket və hava zərbələri endirdiyini müşahidə edirik. Mövcud vəziyyətdə Vaşinqton əsasən İranın sahil bölgələrində yerləşən obyektləri, Tehran isə ABŞ-nin regiondakı hərbi bazalarını hədəfə almaqda davam edir. Tərəflər təkcə silahlarla deyil, sosial media üzərindən də bir-birlərinə qarşı mübarizə aparırlar. Məsələn, bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp müsahibələrinin birində bildirib ki, İran danışıqlardan imtina edəcəyi təqdirdə ölkədəki körpülər və elektrik stansiyaları hədəfə alınacaq.
Lakin Cenevrə Konvensiyalarına əsasən, mülki əhalinin yaşaması üçün həyati əhəmiyyət daşıyan infrastruktur obyektlərinə, o cümlədən körpülərə və elektrik stansiyalarına hücum etmək qadağandır. Belə olan halda, ABŞ bu hədəsini reallaşdıra bilərmi?
Bununla bağlı Yaxın Şərq üzrə politoloq Sədrəddin Soltan Patrul.az-a fikirlərini bölüşüb.
Ekspert müharibənin əvvəlində ABŞ-nin İranın körpülərini hədəfə aldığını xatırladaraq bildirib ki, bu tendensiyanın yenidən təkrarlanması istisna deyil:
“ABŞ fevralın 28-də başladığı hərbi əməliyyatlar zamanı İranın körpülərinə hücum edərək onları dağıtmışdı. Bu baxımdan, perspektivdə Tehranın körpülərinin dağıdılması, elektrik stansiyalarının vurulması ehtimalı az deyil. Çünki hərbi obyektlərin təchizatında elektrik təminatı böyük rol oynayır.
Belə müharibələr zamanı bir sıra konvensiyalar öz əhəmiyyətini itirir. Əməliyyatlar başa çatdıqdan sonra tərəflərdən biri mühakimə olunarsa, yalnız həmin zaman konvensiyalar və digər beynəlxalq hüquqi aktlar nəzərdən keçiriləcək.
ABŞ-İran münasibətlərində beynəlxalq hüquq öz funksiyasını çox aşağı səviyyədə yerinə yetirir. Bu yaxınlarda Amerikanın dövlət katibi bəyan etdi ki, Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinin ləğvini istəyir və ya ona qarşı mübarizə aparacaq. Bu baxımdan, Vaşinqtonun Tehrana qarşı hərbi əməliyyatlarında mühakimə oluna biləcəyi əsas institutlardan biri Beynəlxalq Cinayət Məhkəməsidir. Lakin ABŞ bu məhkəmənin üzvü deyil”.

Həmsöhbətimiz İranın indiyədək ABŞ ilə razılığa gəlməməsinin əsas səbəblərini də açıqlayıb:
“ABŞ bütün çağırışlarında İranın qeyd-şərtsiz tabe olmasını istəyir. Tehran hakimiyyəti isə hələ də hərbi gücə və xarici dəstəyə malik olduğu üçün müqavimətini davam etdirir. İran bu müqaviməti göstərməklə ölkə iqtisadiyyatını daha da iflic vəziyyətinə sala bilər. Vaşinqton isə belə bir şəraitdə İslam Respublikası hakimiyyətinə daha ağır şərtləri qəbul etdirməyə çalışır.
Tehran həmçinin Hörmüz boğazına nəzarəti saxlamaq istəyir. İran nüvə proqramını ABŞ-nin təklif etdiyi şərtlər çərçivəsində həyata keçirmək, eləcə də regiondakı proksi qüvvələrindən imtina etmək istəmir. Belə olan halda ABŞ İrana öz şərtlərini qəbul etdirmək üçün onun hərbi obyektlərini və arsenalını zəiflədərək sıradan çıxarmağı qarşısına məqsəd qoyub”.
Ekspertin sözlərinə görə, İran daxilində fəaliyyət göstərən hərbi təşkilat olan SEPAH danışıqlara mane olan əsas amillərdən biridir:
“SEPAH-ın nəzarətində olan İran hakimiyyəti sonda qarşı tərəfin şərtlərinə əməl etməyə məcbur qalaraq kapitulyasiya aktı imzalaya bilər. Hesab edirəm ki, SEPAH hərbi təşkilat kimi İran tarixində arxivə çevrilmək üzrədir. Belə siyasi-hərbi qurum İslam Respublikasını iflic vəziyyətinə salır və onun bütün potensialını zəiflədir.
Buna baxmayaraq, tərəflər danışıqlar apardıqlarını bəyan edirlər. Söhbət gələcəkdə imzalana biləcək sülh sazişi ilə bağlı sənəddən gedir.
SEPAH hakimiyyət daxilində ayrıca güc mərkəzi olduğundan, danışıqlara meyilli qüvvələrə qarşı çıxır. Ölkə daxilində mövqelər müxtəlifdir. SEPAH başda olmaqla mühafizəkarların böyük hissəsi danışıqları qəbul etmir, iddialı bəyanatlar verir, Hörmüz boğazına nəzarəti və nüvə proqramını istədikləri kimi davam etdirə biləcəklərini bildirirlər. Onlar Qərblə, xüsusilə ABŞ ilə danışıqların əleyhinədirlər. Hakimiyyət daxilindəki digər qüvvələr isə Amerikanın addımlarını tənqid etməklə yanaşı, danışıqlara açıq olduqlarını da bəyan edirlər. Buna görə də İran daxilində Vaşinqtonun çağırışlarına münasibət birmənalı deyil”.
Gülbəniz Səfərova






