İDDİA: "Hara istəyirsiniz şikayət edin" dedi, şlaqbaumun qarşısını bağladı - VİDEO
Patrul.az-ın qaynar xəttinə daxil olan şikayətdə vətəndaş bildirir ki, hadisə Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən yaşayış kompleksinin qarşısında baş verib.
Şikayətə görə, 10 ZR 400 dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtomobil şlaqbaumun qarşısında saxlanılaraq nəqliyyat vasitələrinin giriş-çıxışına maneə yaradıb.
Şikayətçinin sözlərinə görə, sürücüdən avtomobili kənarlaşdırması xahiş olunsa da, o, buna məhəl qoymayaraq kobud davranış sərgiləyib və “Haraya istəyirsiniz, şikayət edin” ifadəsini işlədib. Bildirilir ki, sürücü özünü Səbuhi Şükürov kimi təqdim edib.
Vətəndaş iddia edir ki, avtomobilin həmin şəkildə saxlanılması nəticəsində yaşayış kompleksinə giriş-çıxış çətinləşib, sakinlər və əraziyə daxil olmaq istəyən digər sürücülər çətinliklə üzləşiblər.
Ümid edirik ki, aidiyyəti qurumlar məsələni araşdıracaq və yol hərəkəti qaydalarını pozduğu iddia edilən sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.






