media-file_000000005ca871f5a6cab69dba4c63af

Bir çox insan telefon nömrəsini paylaşmağın təhlükəsiz olduğunu düşünür. Halbuki kibercinayətkarlar bəzən yalnız bu məlumatdan istifadə edərək şəxsi məlumatlara çıxış əldə etməyə və müxtəlif fırıldaq sxemləri qurmağa çalışırlar. Bəs kibercinayətkarlar yalnız telefon nömrəsini bilməklə bir insan haqqında hansı məlumatları əldə edə və bu məlumatlardan istifadə edərək hansı fırıldaq üsullarını həyata keçirə bilərlər?

Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev Patrul.az-a açıqlamasında bildirib ki, telefon nömrəsi kibercinayətkarlar üçün çox vaxt ilk məlumat mənbəyi rolunu oynayır və bu məlumat əsasında müxtəlif sosial mühəndislik fırıldaqları həyata keçirilə bilər:

“Təkcə telefon nömrəsini bilmək bir şəxsin bütün məlumatlarına çıxış demək deyil. Lakin telefon nömrəsi kibercinayətkarlar üçün çox vaxt başlanğıc nöqtəsi rolunu oynayır. Açıq mənbələrdən , sosial şəbəkələrdən və məlumat sızmalarından istifadə etməklə həmin nömrə ilə əlaqəli ad, soyad, istifadə olunan sosial media hesabları, e-poçt ünvanları və bəzən digər şəxsi məlumatlar müəyyən edilə bilər. Bu məlumatlar əsasında kibercinayətkarlar müxtəlif sosial mühəndislik hücumları həyata keçirirlər. Məsələn, özlərini bank əməkdaşı, mobil operator, dövlət qurumu və ya çatdırılma xidməti kimi təqdim edərək qurbanı aldatmağa çalışırlar. Məqsəd şəxsi məlumatları, birdəfəlik təsdiq kodlarını və ya ödəniş məlumatlarını əldə etməkdir”.

media-img-20260707-wa0041

Mütəxəssis qeyd edir ki, telefon nömrəsinin bilinməsi müəyyən kiber risklər yaratsa da, istifadəçinin diqqətli davranması və təhlükəsizlik tədbirlərinə əməl etməsi bu riskləri əhəmiyyətli dərəcədə azaldır:

“Digər geniş yayılmış risklərdən biri fişinqdir. Qurbana saxta SMS və ya messencer vasitəsilə zərərli keçid göndərilir və istifadəçi həmin keçidə daxil olduqda məlumatlarını özü təqdim etmiş olur.Bundan əlavə, bəzi hallarda cinayətkarlar mobil operatorun zəif identifikasiya prosedurlarından sui-istifadə etməyə cəhd göstərərək nömrənin başqa SIM karta köçürülməsinə çalışa bilərlər. Bu isə SMS vasitəsilə göndərilən təsdiq kodlarının ələ keçirilməsi riskini yarada bilər. Qeyd etmək vacibdir ki, bunun baş verməsi üçün adətən təkcə telefon nömrəsi kifayət etmir, əlavə məlumat və ya saxta sənədlər tələb olunur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər