İşdən çıxarılanlara kompensasiya necə və hansı hallarda ödənilir? - Hüquqi mexanizmə aydınlıq gətirildi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi işçilərin əmək hüquqları ilə bağlı mühüm qərar qəbul edib. Qərara əsasən, əmək müqaviləsinə xitam verilən zaman işçiyə yalnız son iş ilinə görə deyil, bütün iş müddəti ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilməlidir.
Bəs bu qərarın hüquqi mahiyyəti nədən ibarətdir və işçilər üçün hansı real dəyişiklikləri vəd edir?
Bununla bağlı 5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasov Patrul.az-ın sualını cavablandırıb.
Onun sözlərinə görə, qərar xüsusilə zərərli və ağır şəraitdə çalışanlar, yüksək gərginliklə işləyənlər və uşaqlı qadınların hüquqlarının müdafiəsi baxımından prinsipial əhəmiyyət daşıyır:
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən qəbul olunmuş 18 fevral 2026-cı il tarixli qərar əmək hüquqları sahəsində mühüm presedent xarakteri daşıyır.
Konstitusiya Məhkəməsinin bu qərarı işçilərin sosial təminatlarının real müdafiəsinə yönəlmiş mühüm hüquqi addımdır. Qərarda aydın şəkildə təsbit olunmuşdur ki, əmək müqaviləsinə xitam verilərkən işçiyə yalnız əsas deyil, həm də Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində nəzərdə tutulmuş bütün istifadə edilməmiş əlavə məzuniyyət günlərinə görə kompensasiya ödənilməlidir. Bu, xüsusilə zərərli və ağır şəraitdə çalışanların, yüksək fiziki və zehni gərginliklə işləyən şəxslərin, eləcə də uşaqlı qadınların hüquqlarının müdafiəsi baxımından prinsipial əhəmiyyət daşıyır”.

Vəkil qeyd edir ki, qərar əlavə məzuniyyətin də qazanılmış hüquq olduğunu təsbit edərək bütün istifadə edilməmiş məzuniyyət günlərinə görə tam kompensasiya ödənilməsini məcburi edir və əmək münasibətlərində bərabərliyi gücləndirir:
“Əvvəlki hüquqi tənzimləmə eyni vəziyyətdə olan işçilər arasında fərqli yanaşma yaradır və bərabərlik prinsipini pozurdu. Qərarda göstərilmişdir ki, əlavə məzuniyyət də əmək fəaliyyəti nəticəsində qazanılan hüquqdur və onun kompensasiyasız qalması ədalətli deyil. Məsələn, işçinin 50 gün əlavə və 40 gün əsas məzuniyyəti istifadə edilməmiş qalarsa, işdən çıxarkən həmin 90 günün hamısına görə kompensasiya almalıdır. Bu qərar həm hüquqi ədalətin bərpası, həm də gələcəkdə əmək münasibətlərində daha şəffaf və bərabər mexanizmin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, Konstitusiya Məhkəməsinin 18.02.2026-cı il tarixli qərarı həm məhkəmə təcrübəsində, həm də işəgötürənlərin gələcək fəaliyyətində ciddi dəyişikliklərə səbəb olacaq və işçilərin hüquqi təminatlarını genişləndirəcəkdir”.
Cəmilə Cəfərzadə






