İşdən çıxarıldığı gün sayəsində 66 min manat məbləğində təzminat qazandı
İngiltərədə fəaliyyət göstərən “Dermalogica UK” adlı şirkətdə yarımştat çalışan Coanne Neil, məzuniyyətdə olduğu bir gün “aranı bağlamaq” başlığı ilə dəvət olunduğu onlayn görüşdə gözlənilməz bir şok yaşayıb. Neil bu görüşdə işindən çıxarıldığını öyrənib. Prosesi məhkəməyə daşıyan qadın, ədalət mübarizəsindən qalib ayrılıb.
Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, işə baxan hakim Liz Ord, şirkətin işdən çıxarma qərarını həm zamanlama, həm də üsul baxımından yanlış hesab edib. Hakimin sözlərinə görə, “aranı bağlamaq” başlığı ilə təşkil edilən bu görüş işçidə neytral və zərərsiz bir təəssürat yaradıb, bu da Neilin hadisəyə hazırlıqsız yaxalanmasına səbəb olub. Həmçinin, görüşün onlayn keçirilməsi, Neilin nə bir iş yoldaşından, nə də insan resursları nümayəndəsindən dəstək almasına imkan verməyib.
Hakim Ord qərarda genderə əsaslanan dolayı ayrı-seçkiliyə də diqqət çəkib. Qadınların kişilərə nisbətən daha çox yarımştat işlədiyini vurğulayan hakim, bu halın yarımştat işçilərin hədəf alınmasının qadınlara qeyri-proporsional şəkildə təsir edəcəyi anlamına gəldiyini bildirib. Məhkəmə, Neilin işdən çıxarılmasının onun iş saatları ilə əlaqələndirildiyini və bunun da dolayı cinsiyyət ayrı-seçkiliyi təşkil etdiyini açıqlayıb.
Məhkəmənin qərarına əsasən, “Dermalogica UK” şirkəti Coanne Neilə ümumilikdə 24.042 funt sterlinq təzminat ödəməlidir. Bu qərar, işəgötürənlərin xüsusilə yarımştat və uzaqdan çalışan işçilərlə bağlı siyasətlərini diqqətlə nəzərdən keçirməsinin vacibliyini bir daha ortaya qoydu.
Ləman Sərraf