“İstedad Gecəsi”ndə baş verən silahlı hücum zamanı 3 nəfər ölüb
Kolumbiyanın Atlantiko bölgəsində yerləşən Puerto Kolombiya şəhərində yeni istedadların öz bacarıqlarını nümayiş etdirməsi üçün təşkil olunan elektron musiqi festivalına silahlı hücum edilib.
Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
“Villa de Olvega” adlı məkanda keçirilən və 48 saat davam edən “İstedad Gecəsi” adlı bu əyləncədə bir çox DJ çıxış edib. Yerli hakimiyyət orqanları hücumun əvvəlcədən planlaşdırıldığını və bunun cinayətkar qruplar arasında daxili münaqişə nəticəsində baş verdiyini bildiriblər.
İlkin məlumatlara görə, hücumun əsas hədəfi 26 yaşlı Raul Alberto Henao Farias olub. O, “Choco” ləqəbi ilə tanınır və “Los Costeños” adlı cinayətkar qruplaşmanın üzvü olduğu bildirilir. Farias daha əvvəl narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlarla gündəmə gəlib. İddialara görə, onunla eyni qruplaşmanın üzvü olan və “El Turco” ləqəbi ilə tanınan digər bir şəxs narkotik gəlirləri və təsir dairəsi ilə bağlı narazılıqlar səbəbilə bu hücumu sifariş edib.
Hadisə zamanı iki motosikletlə əraziyə gələn 4 silahlı şəxs heç bir xəbərdarlıq etmədən və nəqliyyat vasitələrindən düşmədən birbaşa kütləyə atəş açıb.
Hücum nəticəsində həlak olanlar arasında əvvəllər oğurluqla bağlı sabiqəsi olan 19 yaşlı Ronald Jose Alarcon və sosial media fenomeni, 25 yaşlı Masel Karina Gomez Rua da var. “Choco” ləqəbli Raul Farias isə hadisədən yaralı halda sağ çıxmağı bacarıb.
Bu hücum Kolumbiyada musiqi tədbirlərinin belə cinayətkar qarşıdurmalara səhnə ola bilməsi riskini bir daha gündəmə gətirib.






