media-inshot_20251028_173411344

Müasir dövrdə insanların gündəlik həyatında elektron cihazlar – telefon, ağıllı saat və simsiz qulaqcıqlar ayrılmaz bir hissəyə çevrilib. Gün ərzində bir çox insan eyni anda bu cihazların hamısından istifadə edir. Lakin son zamanlar bu cihazların həddindən artıq qızması, hətta bəzi hallarda partlayışa səbəb olması ilə bağlı xəbərlər artmaqdadır. İstər cibdə, istər biləkdə, istərsə də qulaqda olan bu cihazlar yüksək temperatur, uzunmüddətli enerji yüklənməsi və keyfiyyətsiz batareyalar səbəbindən təhlükə yarada bilir.

Bəs elektron cihazların qızması və batareya partlayışlarının əsas səbəbləri nələrdir?

Bu barədə texnoloq Elvin Həsənov Patrulaz.az-a açıqlamasında bildirib ki, elektron cihazların qızması əsasən enerji və istilik balansının pozulmasından yaranır:

“Elektron cihazların, məsələn telefonların, ağıllı saatların və ya simsiz qulaqcıqların qızması və batareya partlaması əsasən istifadə zamanı yaranan istilik və enerji balansının pozulması ilə bağlı olur. Daha çox bu hallar orijinal olmayan və ya keyfiyyətsiz şarj cihazlarından, cihazı davamlı şəkildə şarjda saxlamaqdan və ya isti mühitdə istifadə etməkdən qaynaqlanır”.

media-elvin-hesenov-900x675-2

E. Həsənov Telefonu isti mühitdə şarj etmək, eyni anda çoxlu proses işlətmək və cihazın zədələnməsi batareyanın həddindən artıq isinməsinə səbəb olduğunu vurğulayıb:

“Məsələn telefonu günəş altında, yastıq altında və ya avtomobilin içində şarjda saxlamaq batareyanın həddindən artıq isinməsinə səbəb olur. Eləcə də, sürətli şarj funksiyasından düzgün istifadə edilmədikdə və cihazda eyni anda çoxlu proseslər işlədikdə, batareya əlavə yüklənməyə məruz qalır. Bəzən cihazın yerə düşməsi də batareya içində zədələnmə yaradır və bu, sonradan partlayışla nəticələnə bilər”.

Texnoloqun sözlərinə görə, elektron cihazlarda qızma və batareya partlaması adətən şarj, istilik və zədələnmə səbəblərindən yaranır.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər