Kanat yollarının fəaliyyətsiz qalması turizm baxımından nələrə səbəb olur? - EKSPERT RƏYİ
Balakən rayonunun Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında yerləşən kanat yolu artıq uzun illərdir fəaliyyət göstərmir.
Kanat yolu texniki nasazlıqlar səbəbindən istismardan kənarda qalıb.
Bu cür obyektlərin uzun müddət fəaliyyətsiz qalması turizm baxımından nələrə səbəb olur?
Suallarımıza cavab almaq üçün Patrul.az olaraq turizm üzrə ekspert Ceyhun Aşurova müraciət etdik.
O bildirib ki, Balakən ölkəmizin gözəl təbiətə malik bölgələrindən olsa da, təəssüf ki, hazırda bu bölgəyə turist axını azalıb:
“Quru sərhədlər açıq olduğu dövrdə bu istiqamətə gedən turistlər Balakəndə istirahət edib, daha sonra Gürcüstana səfər edirdilər. Bir sözlə, iki ölkənin də turizm imkanlarından istifadə edə bilirdilər. Son dövrlər isə məsafə çox olduğu üçün Balakən daha az səfər edilən turizm məkanına çevrilib. Buna baxmayaraq bu bölgəyə dəmiryolunun çəkilməsi müəyyən qədər maraq yaradıb”.

Ekspertin sözlərinə görə, ölkədə turistlərin sayının az olması turizm obyektlərin əlavə vəsait qoyuluşunun gecikməsinə səbəb ola bilər:
“Düşünürəm ki, kanat yolunun da turizm üçün cəlbediciliyi var. Çünki kanat yollarının bərpası və ya yenidənqurulması ilə bağlı xüsusilə Qarabağda, Şuşa, Xankəndi, Kəlbəcərdə müəyyən işlər görülür. Bu işlər gələcəkdə turizm bazarına əlavə dəyər qata bilər”.
Ləman Sərraf






