media-photo-output

Son dövrlərdə market rəflərində “kərə yağı” adı altında satılan bəzi məhsulların əslində tam süd mənşəli olmaması, onların tərkibində palma yağı kimi ucuz bitki yağlarının da yer alması istehlakçılar arasında narahatlıq yaradıb.

Belə məhsulların qablaşdırmasında “kərə yağı” yazısı ön plana çıxsa da, məhsulun arxa hissəsində yerləşən tərkib siyahısında “bitki mənşəli yağlar”, “palma yağı” və ya “hidrogenləşdirilmiş yağlar” kimi ifadələrə rast gəlinir. Bu isə alıcıda məhsulun tərkibi ilə bağlı yanlış təsəvvür yaradır.

Müşahidələrə görə, palma yağı daha ucuz olduğu üçün istehsalçılar onu kərə yağı ilə qarışdıraraq təqdim edirlər. Lakin bu cür məhsulların kərə yağı adı altında satılması həm alıcıların aldadılması, həm də yerli südçülük sektoruna zərər vurulması deməkdir.

Palma yağının zərərli tərəfləri nələrdir?

Palma yağı sənayedə çox istifadə olunsa da, sağlamlıq baxımından mübahisəli hesab olunur. Xüsusilə bu yağ yüksək temperaturda emal olunduqda və ya trans yağ formasında təqdim edildikdə:

Ürək və damar xəstəlikləri riskini artırır,

Xolesterini yüksəldə bilər,

Uşaqlar və yaşlılar üçün həzm problemləri yarada bilər,

Davamlı istifadəsi çəki artımına və piylənməyə səbəb ola bilər.

Bu səbəbdən qida sahəsində çalışan mütəxəssislər istehlakçılara məhsul alarkən qablaşdırma üzərindəki tərkib hissələrini diqqətlə oxumağı, “kərə yağı” adı ilə satılan, amma tərkibində bitki yağı olan məhsullardan uzaq durmağı tövsiyə edirlər.

Səməndər Niftəliyev


Bənzər xəbərlər