Kəşmirin turistik bölgəsində amansız hücum: “Ərim başından vuruldu”
Hindistanın Kəşmir bölgəsində yerləşən Pahalqam turizm məkanında silahlıların hücumu nəticəsində 26 nəfər həlak olub, onlarla insan isə yaralanıb.
Patrulaz.az “CNN” ə istinadən xəbər verir ki, hadisə Anantnaq rayonunun Baysaran vadisində, yalnız piyada və ya atla keçilməsi mümkün olan dağlıq ərazidə baş verib. Kəşmir polisinin baş müfəttişi VK Birdi bildirib ki, həlak olanlar arasında Nepal vətəndaşı ilə yanaşı, Yaxın Şərqdə çalışan hind əsilli bir şəxs də var. Hücum dağlıq silsilələr boyunca uzanan turistik çəmənliklərdə həyata keçirilib.
Hadisənin şahidləri dəhşətli anları belə xatırlayırlar: “Hücum zamanı ərim başından vuruldu, yeddi nəfər də yaralandı”.
Digər bir şahid Asavari Jagdale isə bildirib ki, silahlılar ailəsinin gizləndiyi çadıra daxil olub, onları Hindistanın Baş naziri Narendra Modini dəstəkləməkdə günahlandırıb və ailəsinin kişi üzvlərini güllələyiblər.
Lokal sakin Əbdül Vahid yaralıları xilas etmək üçün öz ponisinə (nəqliyyat vasitəsi) minib, digər köməkçilərlə birlikdə onları dərəyə daşımaq üçün müvəqqəti çarpayılardan istifadə etdiklərini söyləyib: “Hücumdan sonra insanların ağladığını, qışqırdığını, sadəcə uzandığını gördüm. Bu, böyük bir travma idi. Bütün gecəni yatmadım”.
Müqavimət Cəbhəsi adlı silahlı qrup sosial şəbəkələrdə hücuma görə məsuliyyəti öz üzərinə götürüb və bölgədə “demoqrafik dəyişikliklərə səbəb olan” kənar şəxslərə qarşı narazılığını bildirib. Lakin qrup bu iddiasını sübut edəcək hər hansı fakt təqdim etməyib.
Qeyd edək ki, Cammu və Kəşmir bölgəsi həm Hindistan, həm də Pakistan tərəfindən idarə olunan, mübahisəli və gərginliklə dolu bir ərazidir. Baxmayaraq ki, bölgədə təhlükəsizlik tədbirləri güclüdür, turistlərə qarşı bu cür silahlı hücumlar nadir hallarda baş verir.
Gülbəniz Səfərova