media-gemini_generated_image_9kmxl89kmxl89kmx

Kirayə münasibətlərində ən çox mübahisə doğuran məsələlərdən biri kirayənişinin hansı hallarda yaşayış yerini tərk etməli olmasıdır. Bəzən ev sahibi kirayəçini istədiyi vaxt mənzildən çıxara biləcəyini düşünsə də, qanunvericilik bu məsələdə hər iki tərəfin hüquq və vəzifələrini müəyyənləşdirir.

Bəs kirayənişin hansı hallarda evdən çıxarıla bilər və bunun üçün hansı hüquqi əsaslar tələb olunur?

Mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov bildirib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 685-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər.

F.Əkbərov qeyd edib ki, Mülki Məcəlləyə əsasən, yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur:

“Yəni tərəflərin hər birinin müqaviləni ləğv etmək hüququ var. Həmçinin yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olan kənaraçıxmalar barəsində razılaşmanın da qüvvəsi yoxdur.
İctimai birlik sədri vurğulayıb ki, qanunvericiliyə görə, kirayə müqaviləsinə onun bağlandığı müddət bitdikdə xitam verilir. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, tərəflərdən biri müqavilənin ləğvinə dair bildiriş verə bilər. Bildiriş yazılı formada verilməlidir və müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir”.

media-img-20260714-wa0004

Həmsöhbətimizin sözlərinə görə, kənar şəxslər yaşayış sahəsindən könüllü öz istəkləri ilə qeydiyyatdan çıxa bilərlər:

“Əgər könüllü qeydiyyatdan çıxmağa razılıq vermirlərsə, əvvəlcə polis orqanına ərizə ilə müraciət olunur. Polis orqanı da qeydiyyatdan çıxarmaqdan imtina edərsə, yalnız məhkəmə qərarı əsasında kənar şəxslər qeydiyyatdan çıxarıla bilər”.

Müsahibimiz bildirib ki, mənzildə olanları qeydiyyatdan çıxarmaq üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşadığı yer üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:
1)yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
2)başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
3)ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;
4)öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;
5)yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
6)qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında”.

Sonda F.Əkbərov əlavə edib ki, Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən 14 faizlə vergini özü ödəyir. Bu, o deməkdir ki, evini 400 manat kirayə vermiş şəxs aylıq 56 manat vergi ödəməlidir.

Ləman Sərraf


Bənzər xəbərlər