“Kitab oxumağı vərdişə çevirmək lazımdır” – SOSİOLOQ
“Kitab oxumaq, heç vaxt görmədiyimiz yerləri görmək, bilmədiyimiz mədəniyyətləri öyrənmək, tanımadığımız insanları tanımaq üçün ən yaxşı vasitədir. Təəssüf ki, internet əsrində kitab mütaliəsi ikinci plana keçərək, bir məşğuliyyət növü kimi yoxa çıxmaq üzrədir. Əvvəl bizə lazım olan məlumatları ensiklopediyadan, kitablardan öyrənirdiksə, indi bunun üçün ilk internetə baxırıq. İnternet işimizi asanlaşdırıb, amma mədəni bacarıqlarımızı, zövqümüzü, oxumaq alışqanlığımızı məhv edib. Biz ömrümüzü internetdə keçiririk, həyatımızı onlayn yaşayırıq, bütün məşğuliyyətlərimiz virtualdır, bu insanlığın məhvi deməkdir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
O bildirib ki, kitab oxumaq vərdişə çevrilməlidir, uşaqlar kitab oxuyan valideynlərinə baxıb qazanır bu vərdişi, amam bizdə kitab oxuyan valideynlər də azdır: “Ona görə də söz ehtiyyatı, danışıq qabiliyyəti olmayan insanlardan ibarət bir cəmiyyət formalaşıb. Etiraf etmək lazımdır ki, min söz ehtiyatı olan bir dildə danışmaqla, on min söz ehtiyatı olan bir dildə danışmaq arasında yerlə göy qədər fərq var. İnsanların birlikdə yaşamasının əsasını ünsiyyətin təşkil etdiyini nəzərə alsaq, o zaman ən böyük ehtiyacımızın özümüzü düzgün ifadə etmək bacarığı olduğunu anlayarıq. İfadə və ünsiyyət bacarıqlarını inkişaf etdirməyin yolu çox oxumaqdan keçir. Yeni sözləri öyrənmək və müxtəlif ifadə formalarını tanımaq, bu bacarıqların inkişafına kömək edir.
Müntəzəm olaraq oxumaqla yeni sözlər kəşf edir, onlardan istifadə etməyin müxtəlif yolları ilə tanış oluruq. Bu da ünsiyyət bacarıqlarımızı və lüğətimizi inkişaf etdirməyə kömək edir. Söz ehtiyatımız artdıqca özümüzü daha aydın və təsirli ifadə edə bilirik. Bir sözlə, mütəmadi olaraq oxumaq bizi həm də yaxşı həmsöhbət edir.
Kitab oxumağı vərdişə, həyat tərzinə çevirmək lazımdır. Hər gün bir neçə səhifə o qədər də çətin olmamalıdır. Araşdrımalar deyir ki 21 gün təkrarlanan bir davranış vərdişə çevrilir, gündə 2-3 vərəq mütaliə bizə çox şeyi qazandırır, amma heç nəyi almır. 21 gündən sonra vərdişə çevriləcək gözəl bir məşğuliyyətiniz olacaq, bu çox gözəl qazancdır”.