media-inshot_20260122_212120407

Köhnə telefonlar təkcə texnoloji cihaz deyil, eyni zamanda həyatımızın müəyyən bir dövrünün daşıyıcısıdır. Onların yaddaşında şəxsi yazışmalar, fotolar, videolar, qeydlər və bəzən də unudulmuş xatirələr qalır. Zaman keçdikcə bu cihazlar dəyərini itirir və biz onları satmaq qərarı veririk. Lakin telefon fiziki olaraq əlimizdən çıxdığı anda, onun içində saxlanılan məlumatların taleyi ilə bağlı suallar da ortaya çıxır. Rəsmi olaraq məlumatları silsək belə, texniki imkanlarla onların yenidən bərpa olunması ehtimalı cəmiyyətdə narahatlıq yaradan mövzulardandır. Bu baxımdan köhnə telefon satışı təkcə maddi deyil, həm də məxfilik və təhlükəsizlik məsələsi kimi diqqət çəkir.

Bəs köhnə telefonu satmaqla biz yalnız bir cihazı, yoxsa öz keçmişimizin bir hissəsini də satmış oluruqmu? Ümumiyyətlə, telefonu satarkən hansı məqamlar xüsusilə diqqətdə saxlanılmalıdır?

Texnoloq Elvin Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, sadəcə faylları silmək telefonu tam təhlükəsiz etmir, çünki düzgün sıfırlama və qorunma olmadıqda köhnə cihazlardan şəxsi məlumatlar bərpa oluna bilər:

“Köhnə telefonu satarkən şəkilləri sildim, problem bitdi düşüncəsi çox vaxt yanlış olur. Sadəcə faylları silmək və ya telefonu ilkin vəziyyətə qaytarmaq bəzi hallarda kifayət etmir, çünki müəyyən texniki üsullarla məlumatların bir hissəsini bərpa etmək mümkündür. Xüsusilə telefon düzgün şəkildə sıfırlanmayıbsa və hesablarla əlaqəsi kəsilməyibsə, risk qalır. Məsələ ondadır ki, telefonlarda məlumat silinməsi çox vaxt görünən səviyyədə baş verir. Yəni şəkil, video və kontaktlar siyahıdan yox olur, amma daxili yaddaşda həmin məlumatların izləri qala bilər. Əgər cihaz köhnə modeldirsə və ya yaddaş şifrələnməyibsə xüsusi proqramlarla bu məlumatların bir hissəsini bərpa etmək mümkündür. Ancaq yeni modellərdə bu şifrələmə daha güclüdür, amma yenə də düzgün addımlar atılmasa tam təhlükəsizlikdən danışmaq olmaz”.

media-img-20251219-wa0035-1

Ekspertin sözlərinə görə, cihazı sıfırlamazdan əvvəl yaddaşı lazımsız fayllarla doldurmaq köhnə məlumatların üzərinə yazılmasını təmin edərək bərpanı xeyli çətinləşdirir:

“Telefonu satarkən ilk vacib addım bütün hesablarla əlaqəni kəsmək lazımdır. Google, Apple ID, e-poçtlar, sosial şəbəkələr, messencerlər bütün hamısından çıxış edilməlidir. Bundan sonra mütləq rəsmi ayarlar bölməsindən zavod ayarlarına qaytarma edilməlidir. Amma əlavə praktik bir təhlükəsizlik üsuluda var. Cihazı sıfırlamadan əvvəl telefonun yaddaşını lazımsız fayllarla doldurub sonra reset etmək tövsiyyə edərdim. Bu metod köhnə məlumatların üzərinə yazılmasına kömək edir və bərpanı xeyli çətinləşdirir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər