Kredit kartlarını kibertəhlükələrdən qorumaq üçün hansı addımlar atmalıyıq? - Ekspert AÇIQLADI
Son illərdə kibertəhlükələr xüsusilə onlayn ödənişlər zamanı artıb və kredit kartı istifadəçiləri bu risklərdən ciddi şəkildə təsirlənə bilər. Haker hücumları, saxta saytlar və fişinq emailləri kart sahiblərinin məlumatlarını ələ keçirməyə çalışır. Bu hallardan qorunmaq üçün nə etmək lazımdır?
Bu barədə İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Patrulaz.az-a açıqlamasında bildirib ki, iki faktorlu autentifikasiyanı mütləq aktiv edin. Beləliklə, şifrəniz sızsa belə hesablarınızın ələ keçməsi və maliyyə zərəri riski azalacaq:
“Güclü şifrələr mütləq şəkildə istifadə edilməlidir. Hesablarımıza giriş üçün eyni şifrəni bir neçə yerdə istifadə etməməliyik. Şifrə uzun olmalı, böyük və kiçik hərflərdən, həmçinin simvollardan mütləq istifadə edilməlidir. İki faktorlu autentifikasiyanı mütləq aktivləşdirməliyik. Belə olan halda, onlayn mağazalarda, pul köçürmələrini təsdiqləyən sistemlərdə iki faktorlu autentifikasiya aktiv olmalıdır ki, şifrəniz hansısa formada sızsa belə? hesablarınızın tam ələ keçməsinin və ya maliyyə zərərinin qarşısını alacaq.
Digər məsələ isə bildirişləri mütləq aktiv etməkdir ki, kartdan hər hansı bir pul çıxarsa və ya alış-veriş balansı dəyişərsə, məlumatınız olsun. Eyni zamanda hesabları mütəmadi yoxlamaq lazımdır: bank çıxarışlarına və ödəniş tarixçələrinə nəzər salmaq və şübhəli əməliyyatlar varsa, onları araşdırmaq, zərurət olduqda isə bankla mütləq əlaqə saxlamaq vacibdir.
Mütləq şəkildə təhlükəsiz websaytlarda alış-veriş etmək lazımdır. Yəni protokol olaraq link önündə HTTPS protokolu olan saytlardan istifadə məqsədə uyğundur. Digərlərini təhlükəli ola bilər. Linkin önündəki protokola hər zaman diqqət yetirməliyik. Eyni zamanda virtual kartlardan istifadə tövsiyə olunur. Əsas maaş kartlarından istifadə etməmək daha məqsədəuyğundur. Hər hansı onlayn alış-veriş üçün virtual kart açaraq, yalnız ehtiyacınız qədər pul qoyub əməliyyatları həmin kart vasitəsilə etmək tövsiyə olunur. Bu sizin risklərinizi azaldacaq”.
B. Əliyev ümumi Wi-Fi şəbəkəsindən istifadə etməmək, əvəzinə zərurət olduqda etibarlı VPN-dən istifadə etməyi vurğulayıb:
“Ümumi Wi-Fi şəbəkəsi xidməti verən yerlərdə Wi-Fi şəbəkəsindən istifadə etməmək tövsiyə olunur. Yox, əgər mütləq istifadə edirsinizsə, müəssisəyə aid etibarlı VPN sistemlərindən istifadə edə bilərsiniz. Bu, digər pulsuz və qeyri-müəyyən məqsədlər üçün istifadə edilən VPN-lərdən fərqlidir; söhbət tamamilə şifrələnmiş müəssisəyə aid VPN-dən gedir.
Cihazların davamlı proqram yenilənməsi lazımdır. Həm telefonları, həm əməliyyat sistemlərini mütəmadi olaraq yeniləmək, yaranmış zəifliklərin və boşluqların aradan qaldırılmasına kömək edəcək.
Kart məlumatlarını heç vaxt paylaşmaq olmaz. 16 nömrəli kod xaricində hər hansı bir məlumatı kiminləsə bölüşməyə ehtiyac yoxdur. Kart itirilərsə və ya oğurlanarsa, mütləq bankla əlaqə saxlayıb kartı bloklamaq lazımdır ki, müvafiq tədbirlər görülsün”.
Nəticə olaraq, onlayn əməliyyatlarda təhlükəsizliyi təmin etmək üçün güclü şifrələrdən istifadə etmək, iki faktorlu autentifikasiyanı aktivləşdirmək, etibarlı VPN və virtual kartlardan yararlanmaq, həmçinin cihazları daimi yeniləmək vacibdir. Bu tədbirlər şəxsi və maliyyə məlumatlarınızı qorumağa kömək edir.
Cəmilə Cəfərzadə






