media-inshot_20251002_215306459

Son günlər sosial şəbəkələrdə aldadıcı kredit elanlarının artması insanlarda narahatlıq yaradıb. Belə hallarda sual yaranır: Kredit götürmək istəyən şəxslər hansı müəssisələrə inanmalı və nələrə diqqət etməlidirlər?

Bu barədə Kiber Təhlükəsizlik Platforması İcraçı Direktoru Şahin Alıyev Patrulaz.az-a açıqlamasında bildirib ki, banklar və kredit təşkilatları kiber dələduzluqların əsas hədəfidir, çünki bu hücumların məqsədi açıq-aydın maliyyə mənfəəti əldə etməkdir:

“Yalnız maliyyə sektoru belə dələduzluq və kiberhücumlardan zərər görmür. Daha təhlükəli nümunələrə cihazların və sistemlərin ələ keçirilməsi, həmçinin müxtəlif onlayn xidmətlərə müdaxilə daxildir. Banklar və kredit təşkilatları maliyyə mənfəəti məqsədilə hədəfə alınır, lakin bədniyyətli şəxslər yalnız maddi gəlir üçün deyil, eyni zamanda reputasiya, şəxsi məlumatlara çıxış və digər zərərverici məqsədlərlə də hücumlar həyata keçirirlər. Belə fəaliyyətlər təkcə kredit təşkilatlarının və bankların adından aparılmır hücumlar fərdi istifadəçilərin şəxsi məxfiliyinə və müxtəlif sənaye sektorlarına da yönələ bilər. Ümumiyyətlə, bu növ hücumlar artıq müxtəlif yeni texnologiyalar və avtomatlaşdırılmış alətlərdən istifadə etməklə daha mürəkkəb və genişmiqyaslı şəkildə həyata keçirilir. Bu dələduzlu hallarının əsasını sosial mühəndislik hücumları təşkil edir”.

Ş.Aliyev bildirib ki, əksər hallarda bu cür kiberdələduzluqlar zərərli linklər vasitəsilə həyata keçirilir:

“Burada texnologiyalardan da bəhs etdiyimizə görə qısa, lakin vacib bir məlumat vermək istəyirəm: bu texnologiyalar necə istifadə olunur və daha təhlükəli hücumlardan nümunələr. Məsələn, bank kartlarının mobil ödəniş hesabları (məsələn, Apple Pay və ya oxşar xidmətlər) ələ keçirilərək onlardan maliyyə vəsaiti götürülə bilər. Çox vaxt bu, zərərli və ya saxta tətbiqlərin yüklənməsi vasitəsilə baş verir. Belə tətbiqlər cihazın müəyyən icazələrini ələ keçirir və istifadəçini həmin icazələri təsadüfən aktiv etməyə məcbur edir; nəticədə telefon və ya digər cihazdakı proqramlar vasitəsilə həssas məlumatlar üçüncü şəxslərə ötürülür”.

Ekspertin sözlərinə görə psixoloji manipulyasiya və reklamlar vasitəsilə də sistemlərə kiberhücumlar və dələduzluq halları həyata keçirilir:

“Bu kontekstdə, “Deepfake” texnologiyalarından bəhs edərkən mütləq qeyd etmək lazımdır ki, süni intellektdən istifadə olunmaqla tanınmış şəxslərin adından müxtəlif fişinq kampaniyaları həyata keçirilir. Bundan başqa, fərdi şəxslərə qarşı da süni intellekt əsaslı fişinq hücumları təşkil olunur. Eyni zamanda, tanınmış platformalarda yerləşdirilən saxta reklamlar vasitəsilə insanlar asanlıqla aldadılaraq maddi vəsaitlərini itirirlər. Nəticədə bu psixoloji manipulyasiyalar və reklam kampaniyaları kiber müdaxilələrə və müxtəlif dələduzluq hallarına şərait yaradır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər