media-inshot_20251215_175816476

“Linkə daxil ol, 850 manat qazan… Elə bildim yalandır, amma, qazandım”, bir neçə gündür “Whatsapp” tətbiqi üzərindən insanlara bu kimi ismarıclar göndərilir.

Mətnin sonunda isə keçid linki. Linkə daxil olub sual-cavabda iştirak edən şəxslərin isə şəxsi məlumatları ələ keçirilir.

Bu cür fırıldaqçılıq üsullarından necə qorunmalıyıq?

Mövzu ilə əlaqədar Patrul.az İT mütəxəssisi Elvin Abbasova müraciət edib.

Onun sözlərinə görə, bu cür fırıldaqçılıq cəhdləri, xüsusən də “850 manat qazan” tipli WhatsApp mesajları vasitəsilə yayılanlar, istifadəçilərin şəxsi və maliyyə məlumatlarını ələ keçirməyə yönəlmiş geniş yayılmış fişinq (phishing) hücumlarıdır:

“Qorunmanın ilk və ən vacib təməli şübhəli məlumatlara qarşı hər zaman skeptik yanaşmaqdır. Unutmayın ki, nəhəng şirkətlər və ya banklar heç vaxt ani və əsassız pul vədləri ilə kütləvi mesajlar göndərməzlər; bu cür böyük vədlər yalançı xarakter daşıyır. Əgər təklif tanınmış bir quruma aiddirsə, dərhal həmin qurumun rəsmi veb-saytına daxil olun və belə bir kampaniyanın olub-olmadığını yoxlayın. Ən əsası, hər hansı bir linkə daxil olmaqdan öncə linkin üzərinə basıb saxlayaraq onun tam ünvanını yoxlayın – fırıldaqçılar rəsmi domenlərə oxşar, lakin hərfləri dəyişdirilmiş saxta ünvanlar yaradırlar. Heç bir halda şübhəli saytlarda və ya sorğularda bank kartınızın nömrəsini, CVV/CVC kodunu, şifrənizi, Fin kodunuzu və ya ikinci faktor doğrulama kodlarınızı daxil etməyin, çünki bu, məlumatların ələ keçirilməsi üçün birbaşa imkan yaradır”.

media-img-20251208-wa0059

E.Abbasov bildirib ki, təhlükəsizliyi gücləndirmək üçün texniki addımlar atılmalıdır:

“”WhatsApp” hesabınızda İki-Addımlı Doğrulama (Two-Factor Authentication) funksiyasını aktivləşdirin. Bu, telefonunuz və ya hesabınız ələ keçirilsə belə, fırıldaqçıların daxil olmasına mane olan əlavə təhlükəsizlik qatıdır. Həmçinin, cihazınızın əməliyyat sistemini (iOS, Android, Windows) və bütün tətbiqləri mütəmadi olaraq ən son versiyaya qədər yeniləyin, çünki yeniləmələr təhlükəsizlik boşluqlarını aradan qaldırır. Əgər məlumatlarınızı daxil edərək zərər çəkmisinizsə, təcili olaraq həmin şifrənin istifadə olunduğu bütün platformalarda parolları dəyişin. Bank kartı məlumatları daxil edilibsə, dərhal bankınızın qaynar xətti ilə əlaqə saxlayın və kartınızı bloklayın. Bütün bu addımlar rəqəmsal mühitdə şəxsi və maliyyə təhlükəsizliyinizi artıracaqdır”.

Ləman Sərraf


Bənzər xəbərlər