Masazırda aylardır ki, kanalizasiya və içməli su xətləri eyni məkana axır - VİDEO
Masazır qəsəbəsində kanalizasiya sularının Əsəd Həsənov küçəsinə axması ərazidə keçilməz və dözülməz şərait yaradıb.
Patrulaz.az-ın əldə etdiyi görüntülər də acınacaqlı vəziyyəti təsdiqləyir. Belə ki, kanalizasiya suları küçənin ortasında göl əmələ gətirib, mövcud vəziyyət isə sakinlərin, xüsusilə də uşaqların hərəkətinə ciddi əngəl törədir. Kadrlarda da azyaşlı uşağın həmin çirkli sudan keçməyə çalışdığı aydın görünür.
Sakinlər bildirir ki, dözülməz şərait artıq aylardır ki, davam edir, amma vəziyyətlə bağlı nə gələn var, nə də maraqlanan.
Çirkli su Əsəd Həsənov küçəsindən birbaşa Əliağa Vahid küçəsinə qədər axır. Nəticədə küçədən nə piyadalar, nə də avtomobillər rahatlıqla keçə bilir.
Qeyd edək ki, vəziyyətin ən narahatedici tərəfi kanalizasiya və içməli su xətlərinin eyni məkana axmasıdır. Bu isə səhiyyə baxımından təhlükə doğurur.
Sakinlər bildirirlər ki, problemin bu qədər uzanmasının əsas səbəbi aidiyyəti qurumların səhlənkarlığı və məsuliyyətsizliyidir. Onlar vəziyyətin daha da ağırlaşmaması üçün təcili tədbir görülməsini tələb edirlər.
Gülbəniz Səfərova