Maştağada 128 nömrəli məktəb yolundakı vəziyyətlə bağlı Sabunçu RİH-dən cavab
Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yağan yağışlar ətraf küçələri, o cümlədən 128 nömrəli məktəbə gedən yolu palçıq və sular içində qoyduğundan şagirdlər dərsə getməkdə, valideynlər övladlarını məktəbə aparmaqda, sürücülər isə palçıqlı yollarda hərəkət etməkdə çətinlik çəkiblər.
Problem üzrə Patrulaz.az-a Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, döngə 8 ünvanında yol problemi araşdırılıb. Nəticədə Bakıxanov, Sabunçu və Zabrat qəsəbələrinin bir hissəsi istisna olmaqla, digər qəsəbələrdə, o cümlədən Maştağa qəsəbəsində mərkəzləşmiş kanalizasiya şəbəkəsinin olmadığı müəyyən edilib.
Qurum qeyd edib ki, mövcud vəziyyətlə bağlı bir sıra qabaqlayıcı tədbirlər görülüb. Lakin problemin köklü həlli üçün sözügedən ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsi qurulacaq:
“Sosial şəbəkələrdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, döngə 8 ünvanında yol problemi ilə bağlı sakinlərin müraciəti Sabunçu Rayon İcra Hakimiyyətində araşdırıldı.
Məlumat üçün bildiririk ki, rayonun Bakıxanov, Sabunçu və Zabrat qəsəbəsinin bir hissəsi istisna olmaqla digər qəsəbələrində, o cümlədən Maştağa qəsəbəsində mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmadığından payız-qış aylarında intensiv yağıntılar zamanı məişət, yağış və qrunt sularının hər hansı bir istiqamətdə kənarlaşdırılmasında çətinliklər yaranır. Qeyd edək ki, bu şəbəkənin qurulması Dövlət Proqramları çərçivəsində aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir.
Sözügedən küçədə yaranmış vəziyyətlə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən bir sıra qabaqlayıcı tədbirlər görülmüşdür. Sözügedən ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsi qurulduqdan sonra bu qəbildən olan problemlər tam həllini tapacaqdır”.
Gülbəniz Səfərova






