“Mədəniyyət siyasətimizin mərkəzində duran əsas məqsəd milli kimliyimizi beynəlxalq ictimaiyyətə düzgün təqdim etməkdir” - DEPUTAT
“Bildiyiniz kimi, Azərbaycan mədəniyyəti qədim tarixə, zəngin ənənələrə və çoxşaxəli irsə malik olmaqla, bu gün dünyanın əksər ölkələrində uğurla təbliğ olunur və yüksək qiymətləndirilir. Dövlətimizin mədəniyyət siyasətinin mərkəzində duran əsas məqsəd – milli kimliyimizi, tarixi yaddaşımızı və bəşəri dəyərlərə əsaslanan irsimizi beynəlxalq ictimaiyyətə düzgün təqdim etməkdir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan mədəniyyəti dünyada daha çox dövlətçilik ənənələrimizin izlərini tərənnüm etdirən tarixi abidələri, muğam sənəti, xalçaçılıq, milli mətbəx nümunələri və müasir incəsənət sahələri ilə tanınır və seçilir:
“Azərbaycan muğamı, xalçaçılıq sənəti və aşıq yaradıcılığı bu gün Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasında mühüm rol oynayır. Eyni zamanda, xalq musiqimizin zənginliyi, milli rəqslərimizin özünəməxsusluğu, klassik poeziyamızın dərin fəlsəfəsi və milli geyimlərimizin estetik dəyəri beynəlxalq festivallarda və sərgilərdə böyük maraqla qarşılanır”.

Günay Ağamalı vurğulayıb ki, son illərdə Azərbaycanın bir çox ölkələrdə təşkil etdiyi mədəniyyət günləri, sərgilər, musiqi festivalları və diaspor təşkilatlarımızın təşəbbüsü ilə keçirilən tədbirlər milli mədəniyyətimizin qlobal miqyasda yayılmasına böyük töhfə verir:
“Eyni zamanda, Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələr Azərbaycanın mədəni irsinin təbliğində mühüm rol oynayır.
Bu gün Azərbaycan təkcə regionda deyil, həm də beynəlxalq mədəniyyət platformalarında öz sözünü deyən, zəngin irsə sahib ölkə kimi tanınır. Bu, həm də xalqımızın yaradıcılıq potensialının, estetik duyumunun və öz dəyərlərinə olan bağlılığının bariz təzahürüdür”.
Ləman Sərraf






