media-img-20250904-wa0037

Son illərdə Azərbaycan kinematoqrafiyasında məişət zorakılığı mövzusu xüsusi yer tutur. Televiziya verilişləri və seriallar reytinq yarışında önə çıxmaq üçün bu məsələyə daha çox diqqət ayırır. Kino istehsalçıları tamaşaçı marağını nəzərə alaraq, cəmiyyətin gündəlik həyatında rast gəlinən sosial problemləri ekranlara gətirir. Beləliklə, filmlər yalnız əyləncə vasitəsi deyil, həm də cəmiyyətin aktual problemlərini əks etdirən bir platformaya çevrilir. Kino və televiziya istehsalçıları reytinq və kommersiya maraqlarını nəzərə alaraq, zorakılıq mövzularını daha sensasion formada təqdim edir. Bu isə izləyicilərin diqqətini artırmaqla yanaşı, mövzuya ictimai diskussiya başlatmağa da xidmət edir. Nəticədə, Azərbaycan ekranlarında məişət zorakılığı yalnız dramatik bir element deyil, həm də cəmiyyətin gündəlik həyatını əks etdirən, düşündürücü və təhlil olunması vacib bir mövzu kimi ön plana çıxır.

Kinorejissor Qalib Mirzəliyev bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, kino çəkənlər bu mövzunun aktuallığını nəzərə alaraq, xərclənən vəsaiti geri qazana bilmək üçün belə filmlər ərsəyə gətirirlər:

“Məişət zorakılığı ilə bağlı olan mövzular hal-hazırda televiziyada da aktualdır. Verilişlərimizdə, seriallarımızda reytinq gətirdiyinə görə kino çəkənlər də bu mövzunu nümunə götürüb işləyirlər ki, xərclədikləri pulu heç olmasa geri qaytarsınlar. Tamaşaçı izləməsə, onlar xərclədikləri pulu geri götürə bilməyəcəklər. Ona görə də reytinq nəyi verirsə, əksəriyyət, cəmiyyət nəyə çox maraq göstərirsə, filmlər də ona uyğun çəkilir”.

media-inshot_20250904_225351179

Q. Mirzəliyevin sözlərinə görə, Azərbaycanda zorakılığı əks etdirən filmlərin çox olmasının səbəbi ölkəmizdə bu kimi halların geniş yayılmasıdır:

“Həqiqətən də ölkədə maddi sıxıntıdan əziyyət çəkən ailələr çoxdur. Yalnız universitetə girməklə, təhsil almaqla elm əldə etmək olmur, hər bir ailədə müdrik insan olmalıdır – başa salan, hər şeyi öyrədən. Zorakılığa qədər gedib çıxmağın səbəbi isə evlərdə, ailələrdə ağsaqqal və ağbirçəklərin olmaması, əgər varsa da, onlara hörmət edilməməsi, düzgün qiymət verilməməsidir. Məhz bu səbəbdən zorakılıq məsələləri yaranır”.

Beləliklə, ekranlarda tez-tez işlənən məişət zorakılığı mövzusu yalnız tamaşaçının marağını cəlb etməklə kifayətlənməməli, həm də insanları düşündürərək ailə dəyərlərinin qorunmasına və zorakılığın qarşısının alınmasına xidmət etməlidir.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər