Məşhurların süni intellektlə çılpaq fotolarını düzəldib paylaşan şəxs həbs olundu
Yaponiyada süni intellektdən qeyri-qanuni məqsədlərlə istifadə edən şəxs saxlanılıb.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, 31 yaşlı Hiroya Yokoi adlı şəxs süni intellekt proqramı vasitəsilə məşhur qadınların seksual xarakterli saxta fotolarını yaradaraq internetdə yayıb.
İstintaq materiallarına görə, Yokoi bu ilin sentyabrına qədər 262 qadının ümumilikdə 20 minə yaxın saxta təsvirini hazırlayıb və onları aylıq abunə sistemi ilə fəaliyyət göstərən onlayn platformada paylaşıb. Platforma üzvləri həmin görüntülərə baxmaq üçün ödəniş edir, “premium” istifadəçilər isə seçdikləri məşhurlar və pozalar üzrə xüsusi sifariş verə bilirdilər.
Araşdırma nəticəsində müəyyən edilib ki, o, bu fəaliyyətindən təxminən 31 min manat gəlir əldə edib.
Cinayətkar ifadəsində isə buradan əldə olunan pulları özünə yemək almaq və təhsil haqqını ödəmək üçün xərclədiyini etiraf edib.
Məlumata görə, o, bu prosesi pulsuz generativ süni intellekt proqramı vasitəsilə həyata keçirib. Bildirilib ki, o, saxta təsvirlərin yaradılması texnikasını onlayn məqalələr və təlim videoları vasitəsilə öyrənib.
Qeyd edək ki, bu, Yaponiyada ictimai xadimlərin saxta seksual təsvirlərini süni intellektlə yaratdığına görə verilən ilk həbs qərarıdır.
Gülbəniz Səfərova






