"Meteohəssas insanlar üçün ən yaxşı üsul nəfəs texnikaları və meditasiyadır" - PSİXOLOQ
Küləkli və nisbətən soyuq hava şəraitində Yer kürəsində maqnit qasırğalarının yaranması müşahidə olunur. Bu təbii hadisə bəzi insanlarda narahatlıq, yorğunluq və gərginlik kimi halların yaranmasına səbəb olur. Xüsusilə, sinir sistemi zəif və stressə meylli şəxslər – meteohəssas insanlar belə dövrlərdə özlərini idarə etməkdə çətinlik çəkirlər.
Bəs belə havalarda meteohəssas insanlar özlərini idarə etmək üçün hansı psixoloji dəstək üsullarından yararlana bilərlər?
Psixoloq Gülnar Orucova bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, 55 yaş üzəri insanlarda maqnit qasırğasının təsiri daha çox görünür:

“Bu cür maqnit qasırğaları çox stresli insanlarda, sinir sistemində problemi olanlarda, ürək-damar sistemi xəstəliklərindən və şəkərli diabetdən əziyyət çəkən şəxslərdə daha çox özünü büruzə verir. Bir növ desək, həssas və depressiv insanlarda təsirləri daha çox müşahidə olunur.
Eyni zamanda müəyyən yaş həddi var: məsələn, 35-55 yaş arasında daha az görünür, amma 55 yaşdan yuxarı insanlarda maqnit qasırğalarının təsiri daha çox nəzərə çarpır. Bu yaşdan sonra qasırğalar birbaşa təzyiqin yüksəlməsinə, baş ağrılarına, yuxunun pozulmasına səbəb ola bilər.
Ümumiyyətlə, insan psixoloji olaraq hazır olmalıdır. Həyatımızın müəyyən hissəsi stresslə keçir və bu stressi tamamilə aradan qaldırmaq mümkün deyil. Amma biz stressə davamlılıq yarada bilərik, yəni stressə qarşı dözümlü olmalı və davamlılığımızı artırmalıyıq. Bunun üçün ilk növbədə özümüzü müşahidə etməli, vəziyyətimizi dəyərləndirməli və qəbul etməliyik ki, bu hal maqnit qasırğası ilə əlaqəlidir.
İlk olaraq bunu qəbul etdikdən sonra həmin vaxt sosial şəbəkələrdə bizi panikaya salan xəbərləri izləməməli, emosional cəhətdən sarsıdıcı söhbətlərə qulaq asmamalıyıq. Əksinə, yaxınlarımızla, xoş ünsiyyət qurduğumuz insanlarla söhbət etməliyik. Əgər bunlar alınmırsa, mütləq psixoloqa müraciət etməliyik”.
G. Orucova nəfəsalma texnikalarından və meditasiya üsullarından istifadə etməyin stressi azaltdığını da vurğulayıb:
“Nəfəs texnikaları çox vacibdir. Xüsusilə 4 saniyə nəfəs alıb, 7 saniyə saxlamaq və 8 saniyə buraxmaq texnikası çox faydalıdır. Meditasiyalar etmək, sakit məkana çəkilmək, musiqi dinləmək, açıq havada gəzmək, kitab oxumaq, istirahət etmək, düzgün qidalanmaq, bol su içmək, vitaminli qidalar qəbul etmək və idmanla məşğul olmaq bizi stressdən uzaq tuta bilər”.
Cəmilə Cəfərzadə






