Metro problemi səbəbindən Bakıda əlavə avtobuslar işə salındı - RƏSMİ
“Metro xətləri üzrə bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir”.
Bu barədə Patrul.az-ın sorğusuna AYNA-dan cavab verilib.
Bildirilib ki, daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib və prosesə nəzarət olunur.
Xatırladaq ki, bu gün saat 12:10 radələrində “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasındakı mənzildə təmas relsinə yüksək gərginliyin verilməsi sistemində texniki problem yaranıb. Yaranmış nasazlıqla əlaqədar təhlükəsizlik tədbiri olaraq “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət qoyulub. Məhdudiyyət səbəbindən sərnişinlər təxliyə edilib.
Qeyd edək ki, metrodakı nasazlıq ümumilikdə paytaxtda, xüsusilə metroya yaxın ərazilərdə sıxlığa səbəb olub.
Gülbəniz Səfərova






