“Naxçıvan Türk dünyası üçün ciddi strateji əhəmiyyətə malikdir”- ŞƏRH
“Azərbaycan və Türk dünyasına qarşı məkrli plan quranların hədəflərindən biri Naxçıvanı çətin vəziyyətə salmaq və gələcəkdə Qarabağ kimi Naxçıvanı da işğal etmək idi. Bunun üçün də uzun illər məqsədli şəkildə siyasət həyata keçirilib. XX əsrin əvvələrində Xalq Cümhuriyyəti süqut etdikdən sonra SSRİ rəhbərliyi qanunsuz şəkildə Qərbi Zəngəzuru Ermənistana verdi. Bundan sonrakı dövrlərdə də əsas hədəf Naxçıvanı təcrid edilmiş vəziyyətə salmaq idi”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, Qarabağ işğal olunduqdan sonra 1990-cı illərin əvvəllərində Ulu Öndər hakimiyyətə gələnə qədərki dövründə ölkədə olan siyasi anarxiya və xaosdan istifadə edərək Naxçıvana qarşı məqsədli planlar qurmaq istəyirdilər: “Lakin həmin dövrdə Ulu Öndərin Naxçıvanda rəhbərlikdə olması proseslərin qarşısında əsas əngəl idi. Məhz Ümummilli Lider Heydər Əliyevin siyasəti qətiyyəti nəticəsində Naxçıvanın müdafiəsi ən yüksək şəkildə təşkil edildi, bütün məkrli planlar darmadağın edildi. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi qətiyyəti, uzaqgörənliyi və gücü sayəsində xarici güc faktorlarının Naxçıvanla bağlı məkrli işğalçı və təxribata yönəlik planları tamamilə alt-üst edildi. Bu gün də cənab Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu qətiyyətlə davam etdirir.
Ölkə başçısının Türkiyə səfəri fonunda Naxçıvana qaz kəmərinin fəaliyyətə başlaması və cənab Prezidentin Türkiyədə Naxçıvana qarşı qurulan xain planların aradan qaldırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi qətiyyəti ilə bağlı söylədiyi fikirlər bir daha göstərmiş oldu ki, Naxçıvan Türk dünyası üçün ciddi strateji əhəmiyyətə malikdir”.






