media-inshot_20260313_222816075

ABŞ Müdafiə naziri Pit Heqset İranın yeni dini liderinin səhhəti və ölkənin hərbi imkanlarının tamamilə məhv edildiyi barədə kəskin bəyanatlarla çıxış edib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, nazir, İranın yeni Ali lideri Müctəba Xameneinin ağır yaralandığını və fiziki cəhətdən şikəst qaldığını ehtimal etdiklərini bildirib.

Müctəba Xameneinin son xalqa müraciətinin yalnız yazılı mətndən ibarət olmasına diqqət çəkən Heqset bunun təsadüfi olmadığını vurğulayıb:

“İranın əlində saysız-hesabsız kamera və səs yazma avadanlığı var. Belə olan halda yeni lider niyə yalnız yazılı açıqlama ilə kifayətlənir? Çünki o, qorxur və yaralanıb. O, legitimliyini itirib və hazırda gizlənir. Rejim daxilində tam bir xaos hökm sürür, onlar yeraltı sığınacaqlara qaçıblar”.

Pentaqon rəhbəri İrana qarşı həyata keçirilən “Epik Qəzəb” əməliyyatının nəticələrinə dair statistik məlumatları da paylaşıb. Onun sözlərinə görə, İranın hərbi infrastrukturu demək olar ki, sıradan çıxarılıb:

“İranın artıq hava hücumundan müdafiə sistemi, donanması və hava qüvvələri mövcud deyil. Raket buraxılışları 90%, dron hücumları isə 95% azalıb”.

İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) xəbərdarlıq edən nazir, rejim mənsublarının qorxu içində olduğunu qeyd edib:

“Onlar səmaya baxanda iki şey görürlər: ABŞ-nin ulduzlu-zolaqlı bayrağını və İsrailin Davud ulduzunu. Bu, şeytani rejimin ən qorxulu kabusudur”, – deyə o, bildirib.

Hörmüz boğazının nə vaxt açılacağı ilə bağlı suala da cavab verən rəsmi yeganə problemin İranın mülki gəmilərə atəş açması olduğunu və bu maneənin tezliklə tamamilə aradan qaldırılacağını bildirib.

Xatırladaq ki, dünən Müctəba Xameneinin İran Dövlət Televiziyasında yayımlanan son çıxışı zamanı liderin nə görüntüsü, nə də səs yazısı təqdim edilib. Bu fakt beynəlxalq analitiklər arasında onun səhhəti ilə bağlı şübhələri daha da dərinləşdirib.


Bənzər xəbərlər