media-img_1485

Bakının Tbilisi prospektində yerləşən Neptun market alıcıların narazılığına səbəb olub. Patrulaz.az-a daxil olan məlumata görə, marketdə məhsulların vitrin qiymətləri ilə kassadan keçən real qiymətləri arasında 5-10 qəpik fərq müşahidə olunur.

Şikayətçi bildirir ki, dəfələrlə bu marketdən alış-veriş etməsinə baxmayaraq, bu günə qədər qiymətlərə diqqət yetirməyib. Lakin sonuncu alış-veriş zamanı diqqətlə araşdırdıqda, bir məhsulda 6 qəpik, digər məhsullarda isə 5 və ya 10 qəpik fərqlə qarşılaşıb. Bu fərqlər, alıcıların xəbəri olmadan, əlavə xərcə səbəb olur.

Müştəri qeyd edir:

“İlk baxışda cüzi görünən bu fərqlər əslində ciddi məsələdir. Çünki hər bir qəpik müştərinin cibindən çıxır və gündəlik minlərlə alıcının bu şəkildə aldadılması qəbuledilməzdir.”

Vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumların – xüsusilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsələni araşdırmasını tələb edir.

Qeyd edək ki, vitrin qiyməti ilə kassa qiyməti arasında fərq olması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər və bu, qanunvericiliyə ziddir. Ekspertlər bildirir ki, bu cür hallar müştərilərin etimadını sarsıdır və ticarət obyektləri üçün nüfuz itkisinə səbəb olur.

Patrulaz.az olaraq məsələni diqqətdə saxlayacağıq.

Səməndər Niftəliyev

media-img_1483 media-img_1484


Bənzər xəbərlər