Netanyahu öldürülməsi ilə bağlı iddialara qəhvəxanadan cavab verdi: “Mən yalnız qəhvə üçün ölürəm”
İsrailin Baş naziri Benyamin Netanyahu son günlər sosial şəbəkələrdə və bəzi media qurumlarında onun ölümü və ya yoxa çıxması ilə bağlı yayılan iddialara cavab verib.
Patrul.az xəbər verir ki, Netanyahu özünün “X” platformasında Qüds yaxınlığındakı qəhvəxanaların birindən videomüraciət paylaşaraq sağ-salamat olduğunu göstərib.
Paylaşdığı videoda Netanyahu ünvanına səslənən iddialara istehza ilə yanaşıb. O, qəhvə içərkən çəkilmiş görüntülərdə hər iki əlini kameraya yaxınlaşdıraraq göstərib və barmaqlarının sayının normal olduğunu nümayiş etdirib. Baş nazir zarafatla “Qəhvə üçün ölürəm” ifadəsini işlədərək ölüm xəbərlərini təkzib edib.
Xatırladaq ki, İran mediasında və sosial şəbəkələrdə Netanyahunun İrana qarşı hərbi əməliyyatlardan sonra ictimaiyyət arasında görünmədiyi, son çıxışlarının isə süni intellekt (deepfake) vasitəsilə hazırlandığı iddia olunurdu. Hətta “saxta videolarda” onun bir əlində 6 barmağın göründüyü iddiası bu sui-qəsd nəzəriyyələrinin daha da yayılmasına səbəb olmuşdu.
Qeyd edək ki, İsrailin rəsmi mənbələri və aparıcı xəbər agentlikləri videonun real olduğunu və Baş nazirin fəaliyyətini davam etdirdiyini təsdiqləyib.






