“O olmasın, yubiley olsun” adlı tədbir keçirilib- FOTO
2025-ci il sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncama əsasən ölkə üzrə bir sıra mədəni tədbirlər həyata keçirilir.
Patrulaz.az xəbər verir ki, bu tədbirlər çərçivəsində 2025-ci il 14 mart tarixində Üzeyir Hacıbəylinin ev-muzeyində sənətşünas Sədaqət Əliyevanın kuratorluğu ilə dahi bəstəkarın Azərbaycan musiqisində operetta janrının əsasını qoyan “O olmasın, bu olsun” əsərinin 115 illiyinə həsr edilmiş “O olmasın, yubiley olsun” adlı tədbir keçirilib.
Tədbirdə muzeyin şöbə müdiri, bəstəkar Vəfa Bağırzadə Üzeyir Hacıbəylinin 1910-cu ildə yazdığı “O olmasın, bu olsun” operettası haqqında geniş təqdimatla çıxış edib. Kinoşünas Hacı Səfərov isə əsər əsasında çəkilmiş eyniadlı film haqqında dəyərli məlumatlar verib, filmin Azərbaycan kinosundakı əhəmiyyətini vurğulayıb və tamaşaçıların suallarını cavablandırıb. Bundan əlavə, filmdə iştirak etmiş aktyorlarla görüş keçirilib, onların xatirələri dinlənilib.
Sənətşünas Sədaqət Əliyeva “Geyimlər də rol oynayır” adlı mühazirəsində filmdə əks olunan 1910-cu illərin Bakı sakinlərinin geyim dəbi barədə maraqlı faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin ikinci hissəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları tərəfindən “O olmasın, bu olsun” əsərindən seçilmiş səhnələr tamaşaçılara təqdim edilib.
Tədbir Üzeyir Hacıbəylinin zəngin irsinə həsr olunmuş yubiley tədbirlərinin mühüm hissəsi kimi yaddaqalan anlarla dolu keçib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Nigar Ramazanova