"O qayıqlar əslində yoxdur!" - Tramp İranı süni intellektlə saxta hərbi videolar hazırlamaqda günahlandırdı
ABŞ Prezidenti Donald Trump İranın hərbi gücünü şişirtmək üçün süni intellektdən istifadə etdiyini söyləyib.
Patrul.az xəbər verir ki, bu barədə “Iran International” nəşri məlumat yayıb.
Tramp özünə məxsus “Truth Social” platformasında paylaşım edərək İran rəhbərliyini hərbi imkanları barədə yanlış təsəvvür yaratmaq məqsədilə süni intellekt texnologiyalarından və saxta görüntülərdən istifadə etməkdə ittiham edib.
O, Tehranın hərbi cəhətdən zəif olduğunu, lakin media manipulyasiyası sahəsində “peşəkar”laşdığını vurğulayıb:
“İran uzun müddətdir media manipulyasiyaları və ictimaiyyətlə əlaqələr ustası kimi tanınır. Onlar hərbi cəhətdən səmərəsiz və zəifdirlər, lakin saxta xəbər mediasına dezinformasiya verməkdə çox bacarıqlıdırlar. Süni intellekt onlar üçün yeni bir silaha çevrilib,” – deyə ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, İran müasir texnologiyaların imkanlarından yararlanaraq real vəziyyətdən fərqli bir mənzərə formalaşdırmağa çalışır. ABŞ lideri konkret nümunə çəkərək qeyd edib ki, İran dənizdə müxtəlif gəmilərə hücum edən saxta “kamikadze qayıqları” nümayiş etdirir:
“Süni intellekt artıq bir dezinformasiya silahına çevrilib. Onlar dənizdə gəmilərə hücum edən saxta ‘kamikadze qayıqları’ nümayiş etdirirlər. Bu səhnələr kənardan qorxulu və güclü görünsə də, əslində həmin texnika və qayıqlar mövcud deyil”, – o, əlavə edib.
Gülbəniz Səfərova






