media-inshot_20260408_181154815

Son illərdə Azərbaycanda baş verən kiberhücumlar artıq tək-tək insidentlər kimi deyil, daha geniş və sistemli bir tendensiyanın göstəricisi kimi diqqət çəkir. Dövlət qurumlarından tutmuş özəl sektora, hətta fərdi istifadəçilərə qədər uzanan bu hücumlar rəqəmsal mühitdə təhlükəsizlik məsələsini gündəmin ön sıralarına çıxarır. Artan bu təhdidlərin arxasında hansı səbəblər dayanır və niyə məhz indi daha çox hiss olunur?

Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev Patrul.az -a açıqlamasında bildirib ki, Azərbaycanda kiberhücumların artmasının əsas səbəbi rəqəmsallaşmanın genişlənməsi və qlobal kiber təhdidlərin sürətlə inkişaf etməsidir:

“Son illərdə Azərbaycanda kiberhücumların artmasının əsas səbəblərindən biri ölkədə rəqəmsal transformasiyanın sürətlə inkişaf etməsidir. Dövlət xidmətlərinin, bank sektorunun, elektron ticarətin və müxtəlif biznes proseslərinin onlayn platformalara keçməsi rəqəmsal mühitin daha da genişlənməsinə səbəb olub. Rəqəmsal infrastruktur böyüdükcə təbii olaraq onu hədəf alan kiberhücum cəhdlərinin sayı da artır.

Digər tərəfdən, qlobal miqyasda kiber təhdidlər ümumilikdə artmaqdadır və Azərbaycan da beynəlxalq rəqəmsal ekosistemin bir hissəsi olduğu üçün bu tendensiyadan təsirlənir. Dünyada kiberhücum metodları və texnologiyaları daha sürətlə inkişaf edir və hücumlar daha avtomatlaşdırılmış şəkildə həyata keçirilir”.

media-inshot_20260408_181234254

Mütəxəssis qeyd edir ki, monitorinq və aşkarlama sistemlərinin inkişafı əvvəllər görünməyən kiber hadisələrin daha çox üzə çıxmasına səbəb olur:

“Eyni zamanda qeyd etmək lazımdır ki, ölkədə kibertəhlükəsizlik sahəsində monitorinq və aşkarlama imkanları son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib. Bu isə əvvəllər diqqətdən kənarda qalan bəzi kiber hadisələrin artıq daha tez müəyyən edilməsinə və statistikada görünməsinə imkan yaradır.

Ümumilikdə, rəqəmsal inkişafla paralel olaraq kibertəhlükəsizlik sahəsində də dövlət qurumları və təşkilatlar tərəfindən müxtəlif təhlükəsizlik tədbirləri, maarifləndirmə proqramları və texnoloji həllər tətbiq olunur ki, bu da ölkənin rəqəmsal mühitinin daha dayanıqlı və təhlükəsiz olmasına xidmət edir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər