“Ölünün arxasıyca qeybət etmək ən böyük günahdır, ayıb olsun" - Tahir İmanov
Əməkdar artist Tahir İmanov qardaşı Cabir İmanovun vəfatından sonra bəzi jurnalistlərin davranışına münasibət bildirib.
Patrulaz.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Tahir İmanov qardaşı Cabir İmanovun cənazə mərasimi zamanı dini baxımdan uyğun olmadığını əsas gətirərək çəkiliş aparan jurnalistlərə qoyduğu qadağa ilə bağlı açıqlama verib. O qeyd edib ki, Cabir İmanovun ölümündən sonra bir sıra jurnalistlər və blogerlər cəmiyyətdəki birliyə zərbə vuran mövzular ortaya atıblar:
“Cabirin ölümündən sonra bir çox jurnalistlər özlərini “qəhrəmancasına” apamağa başladılar. Onlar lazım olmayan bir mövzunu ortalığa atdılar. Birincisi demək istəyirəm ki, bu kimi mövzuları qaldıran blogerlər, ictimai xadimlər və jurnalistlər ilk növbədə cəmiyyətdə yaranmış birliyə çox böyük zərbə vurur.
İkincisi, ümumiyyətlə dinə olan mənsubiyyət hər bir insanın şəxsi işidir. Üçüncüsü isə, ölünün arxasıyca qeybət etmək ən böyük günahdır. Mən bəzi jurnalistlərə xahiş etdim ki, bizim yas məclislərini çəkməyin, mən və ailəm halalıq vermirik. Eşitdiz bu məsələni, dərd yarı..”
Əməkdar artist dini baxımdan dəfn zamanı çəkiliş aparmağın doğru olmadığını bildirib. O, həmçinin qəbirstanlığa yalnız kişilərin getməli olduğunu vurğuladıqdan sonra dəfn mərasimində qadın jurnalistlərin çəkiliş aparması ilə bağlı narazılığını da ifadə edib:
“Qəbirstanlığa getdikdə isə, onlara söylədim ki, yalnız kişilər gedir. Yəni, bu bizim adətimizdir. Biz gözümüzü açıb görmüşük ki, qəbirstanlığa ancaq kişilər gedir. Xahiş elədim, çünki əmr verməyə haqqım yoxdur. Qəbirstanlığa gedəndə isə gördüm ki, yalandan başlarını bağlayan jurnalist xanımlar yüksəklikdə durublar ki, qəbirin içini çəksinlər. Bu nə adətdir? Hansı xalqa xasdır? Yoxsa babalarınızın, nənələrinizın dəfn vaxtı videoları çəkilib? Ayıb deyilmi sizə? Yalvara-yalvara dedim ki, çıxın gedin burdan, getdiz. Amma yenə də arxadan tabutu çəkdiz. Arxadan da kim durur? Düşmən! Xeyr, düşmən göz qabağındadır, onları görürük. 2020-ci ilə qədər səngərdə biz onları görürdük, əllərində silah, savaşırdıq və biz bilirdik ki, düşmənin nə kimi silahı var. Arxadan vuranın adı nədir sizcə? Mən heç sizə “düşmən” adını da yaraşdırmıram. Çünki siz heç düşmən də deyilsiz, mən heç bilmirəm siz kimsiz. Düşmən adı bəllidi, sizin adınız bəlli deyil. Ona görə axirətə kimi mən sizə hallalıq verməyəcəyəm”.
Tahir İmanov həmçinin qardaşının sağlığında ondan geniş yazılar dərc etməyən jurnalistlərə də müraciət edib. O, bəzi media nümayəndələrinin Cabir İmanovun ölümündən sonra onu tərifləmələrinə də münasibət bildirib:
“Digər məsələ isə bəzi jurnalistlərimizin öləndən sonra insanı tərifləmək adətidir.. İndi Cabir İmanov görkəmli, dahi, əvəzolunmaz” deyirsiz. Axı nə oldu sizə birdən-birə? Axı son vaxtlar yazırdız ki, konsertimiz zəifdi, Cabir və Tahir İmanov tükəniblər, “Bəxt üzüyü” zəifdi…Noldu sizə birdən-birə? Cabir öləndən sonra “Məhlə 3″dən “Bəxt üzüyü 2″dən sitat gətirməyə başladız? Videoparçaları yayırsız. Noldu birdən-birə hərşey dəyişdi. Gəzirdi də aranızda, niyə konsertlərin birində gəlib Cabirdən müsahibə almırdınız? Çünki reytinq vermirdi axı, reytinqi başqa adamlar verir”, – deyə sənətçi qeyd edib.
T. İmanov hətta xaricdə yaşayan bloggerlərə də öz sözünü çatdırıb:
“Xaricdə yaşayan və qorxudan öz yuvalarından çıxmayan blogerlərə də söz demək istəyirdim. Sonra yadıma bir söz düşdü. Yəqin ki hamınızın başına gəlib, zibilxanın yanından keçəndə pis qoxu gəlir, düzdür? Siz heçnə demirsiz ki? Sadecə burnunuzu bağlayıb keçirsiz. Elə mən də burnumu bağlayıb keçirim”.
Əməkdar artist nitqini xalqına ünvanladığı xeyir-dua ilə tamamlayıb:
“Əziz qardaşlar, bacılar bizi və Cabiri sevənlər, Allah sizi və ailənizi qorusun. Allah sizə uzun və xeyirli ömür nəsib eləsin, amin”.
Gülbəniz Səfərova






