media-inshot_20260417_133834360

Rəqəmsal texnologiyaların sürətli inkişafı onlayn ticarəti daha əlçatan etsə də, bu sahədə saxta satışlar, keyfiyyətsiz məhsullar və çatdırılma problemləri kimi bir sıra çatışmazlıqlar da müşahidə olunur. Bu isə istehlakçıların hüquqlarının qorunması məsələsini daha da aktuallaşdırır.

Bu problemlərin əsas səbəbləri nələrdir və onların həlli necə mümkündür?

Bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Patrul.az-a açıqlamasında bildirib ki, rəqəmsal texnologiyalar sürətlə inkişaf etsə də, elektron ticarətdə hələ də bir sıra ciddi çatışmazlıqlar mövcuddur:

“Bu çatışmazlıqların əsas səbəbləri arasında təhlükəsizlik və məxfilik problemləri xüsusi yer tutur. Belə ki, istifadəçilər şəxsi və maliyyə məlumatlarının oğurlanması riskindən narahatdırlar. Kibercinayətkarlıq halları, saxta saytlar, eləcə də saxta məhsullar, yanlış təsvirlər və keyfiyyətsiz xidmətlər elektron ticarətə olan etimadı zəiflədir. Bəzi hallarda müştərilərin saytda gördükləri məhsullar ilə onlara çatdırılan məhsullar arasında uyğunsuzluq müşahidə olunur. Məhsulların keyfiyyəti də bəzən gözləntilərdən aşağı olur. Bu kimi hallar istehlakçıların onlayn alış-verişə ehtiyatla yanaşmasına gətirib çıxarır.

Bununla yanaşı, logistika və çatdırılma sahəsindəki problemlər də geniş yayılmışdır. Çatdırılma gecikmələri, yüksək nəqliyyat xərcləri və məhsulların zədələnməsi müştəri məmnuniyyətinə mənfi təsir göstərir. Digər tərəfdən, bazarda çoxsaylı platforma və satıcıların mövcudluğu seçim prosesini çətinləşdirir və müəyyən qarışıqlıq yaradır.

Texniki problemlər də elektron ticarət üçün aktual mövzudur. Saytların yavaş işləməsi, ödəniş sistemlərində yaranan nasazlıqlar və mobil uyğunluğun zəif olması istifadəçiləri narazı salır. Eyni zamanda, bəzi ölkələrdə elektron ticarətlə bağlı qanunvericiliyin kifayət qədər təkmil olmaması mübahisələrin həllini çətinləşdirir”.

media-img-20260417-wa0013

İqtisadçı ekspertin fikrincə, qeyd olunan problemlərin aradan qaldırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi zəruridir:

“İlk növbədə, güclü kibertəhlükəsizlik tədbirləri tətbiq olunmalıdır. Bu çərçivədə SSL sertifikatlarının istifadəsi, iki faktorlu autentifikasiya və mütəmadi təhlükəsizlik yoxlamaları mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, elektron ticarət sahəsində daha aydın hüquqi mexanizmlərin formalaşdırılması və istehlakçı hüquqlarının effektiv qorunması təmin edilməlidir.

Etimadın artırılması məqsədilə real istifadəçi rəylərinin və reytinq sistemlərinin tətbiqi, məhsullar haqqında düzgün və şəffaf məlumatın təqdim olunması vacibdir. Logistika sahəsində isə anbarların avtomatlaşdırılması, yerli çatdırılma şəbəkələrinin inkişafı və real vaxt izləmə sistemlərinin tətbiqi mühüm rol oynaya bilər. Texniki baxımdan saytların sürətinin artırılması, mobil uyğunluğun təmin edilməsi və ödəniş sistemlərinin sabitliyinin yüksəldilməsi vacibdir. Eyni zamanda, müştəriyönümlü strategiyaların (asan qaytarma siyasətinin, operativ kommunikasiya mexanizmlərinin və s.) tətbiqi də xüsusi əhəmiyyət daşıyır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər