media-file_00000000ae54820aa3d6a932c2959ce8

Son günlər paytaxtda müəyyən edilməmiş yerlərdən yolu keçərkən həyatını itirən piyadaların sayı artıb. Dünən də Bakı–Quba yolunda avtomobil yolu müəyyən edilməmiş yerdən keçməyə cəhd edən piyadanı nəqliyyat vasitəsi vuraraq öldürüb. Məlumdur ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən, piyadalar yolu yalnız onlar üçün xüsusi ayrılmış və işarələnmiş yerlərdən keçməlidirlər. Lakin piyadalar çox vaxt tələsdikləri və ya tənbəllik etdikləri üçün təhlükəsiz və qanuni zonanı deyil, avtomobillərin yüksək sürətlə hərəkət etdiyi intensiv hərəkət hissəsini seçirlər. Həmin ərazilərdə isə piyadaları xəbərdar edən “Buradan keçmək olmaz” məzmunlu xüsusi qadağanedici nişan olmur.

Maraqlıdır ki, piyada ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində baş verən bu növ qəzaların qarşısını necə almaq olar? Hansı effektiv vasitələrlə piyadaları bu təhlükəli qayda pozuntusundan çəkindirmək mümkündür?

Bununla bağlı təklif və tövsiyələrini Patrul.az-a avtoekspert Elməddin Muradlı bölüşüb. Onun sözlərinə görə, piyadaları piyada keçidlərindən istifadə etməyə məcbur etmək üçün xüsusi tədbirlər görülməlidir:

“Piyadavurmalarla mübarizə tədbirləri qanunla müəyyən edilib. Sadəcə olaraq, bəzən tətbiq mexanizmində müəyyən boşluqlar yaranır ki, piyadalar da bundan istifadə edirlər. Burada piyadalar üçün normal şəraitin yaradılması aktual mövzudur və çox vacib məsələdir. Bəzən piyada keçidlərinin olmaması və ya işıqlandırılmaması – söhbət həm yeraltı, həm yerüstü, həm də eyni səviyyəli piyada keçidlərindən gedir – müəyyən çətinliklər yaradır. Eyni zamanda, keçidlər arasındakı məsafənin düzgün müəyyən edilməməsi və keçidlərdəki şəraitin düzgün təhlil olunmaması göstərir ki, mövcud vəziyyət heç də piyadaların xeyrinə deyil. Bu baxımdan düşünürəm ki, birinci növbədə piyada keçidlərinin mövcud vəziyyətinə baxılmalıdır”.

media-file_00000000a52c81f4b83bc1622bf8fef3

Ekspert aidiyyəti qurumlar tərəfindən piyada ölümlərinin qarşısını almaq üçün gələcəkdə keçidlərin yaxınlığında çəpərləmə işlərinin aparılması planından da danışıb:

“Digər tərəfdən də elə bir nəzarət mexanizmi qurulmalıdır ki, piyadalar keçidlərdən istifadə etməyə həm həvəsli, həm də məcbur olsunlar. Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı dövlət proqramında keçidlərin yaxınlıqlarında çəpərləmə işlərinin görülməsi də qeyd olunub. Bu, piyadaların keçidlərdən məcburən istifadə etməsinə yönəlmiş addım olacaq. Amma bu məsələ hələlik təhlil olunur. Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bunun hansı ərazilərdə mümkünlüyü ilə bağlı fikir mübadiləsi aparılır. Ancaq istəməzdim ki, biz piyada ölümlərinin artması səbəbindən keçidlərin çəpərlənməsi səviyyəsinə gəlib çataq. İnsanlar şüurlu şəkildə qəbul etməlidirlər ki, keçidlər onların təhlükəsizliyi üçündür və onlar həyat və sağlamlıqlarını qorumaq üçün yalnız piyadalar üçün nəzərdə tutulmuş ərazilərdən keçməlidirlər”.

E. Muradlının fikrincə, piyada ölümlərinə səbəb olan amillərdən biri də piyadalar arasında formalaşmış “Sürücü onsuz da günahkar olacaq” düşüncəsidir:

“Bu gün piyadalar arasında “Onsuz da bütün hallarda günah sürücüdə olacaq” kimi arxayınlıq yaranıb. Bu cür yanaşmanı dəyişmək lazımdır. Ona görə də belə hadisələrdə “Sürücü günahkardır” anlayışına yox deməliyik. Çünki bu, piyadalarda arxayınlıq yaradır. Onlarda belə fikir formalaşır ki, “Piyada hər zaman haqlıdır, istədiyi yerdən keçə bilər”. Bəzən ani verilən qərarlar da bu çətinlikləri ortaya çıxarır və ciddi problemlər yaradır. Vətəndaş fikirləşir ki, rahat şəkildə yolu keçəcək. Amma son anda baş verən bədbəxt hadisə onun həyatına son qoyur.

Bakı–Quba yolunda dünən baş vermiş hadisə, eyni zamanda həmin gün gecə saatlarında Səbail rayonu, Bayraq Meydanının qarşısında iki qadının piyada qismində yolu düzgün keçməməsi nəticəsində baş verən qəza bunu bir daha göstərdi. İkinci hadisədə qadınlar ağır xəsarətlər aldılar. Bütün bunlar onu göstərir ki, vəziyyət heç də ürəkaçan deyil. Profilaktik işlərlə yanaşı, nəzarət tədbirləri də gücləndirilməlidir. Bu halda müəyyən nəticələr əldə etmək olar. Yəni qaydalara əməl etməyən piyadalara daha ağır cəzalar və sanksiyalar tətbiq olunmalıdır ki, onlar da öz məsuliyyətlərini dərk edə bilsinlər. Bununla paralel olaraq piyada keçidlərinin vəziyyətinə və onlar arasındakı məsafələrə ciddi yanaşılsa, yaxşı nəticələr əldə etmək mümkün olar”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər