media-inshot_20260724_185418403

Yay mövsümündə dənizdən qayıtdıqdan sonra bəziləri dərhal duş qəbul edir, digərləri isə dəniz suyunun dəri üçün faydalı olduğunu düşünərək onu bədəndə uzun müddət saxlamağa üstünlük verir. Sosial şəbəkələrdə hətta dəniz suyunun 1–2 gün bədəndə qalmasının sağlamlığa müsbət təsir göstərdiyi ilə bağlı müxtəlif iddialar da yayılır.

Bəs həqiqətən dənizdən çıxdıqdan sonra duzlu suyun bədəndə bir müddət qalması məsləhətdirmi, yoxsa dərhal şirin su ilə yuyunmaq daha doğrudur? Dəniz suyunun bədəndə 1–2 gün qalmasının sağlamlığa hər hansı faydası və ya zərəri varmı?

Bu barədə ailə həkimi Dr. Pənah Pənahov Patrul.az-a açıqlamasında bildirib ki, dənizdən çıxdıqdan sonra bədənin şirin su ilə yuyulması tövsiyə olunur, çünki dəridə qalan duz quruluq, qıcıqlanma və dəri baryerinin zəifləməsinə səbəb ola bilər:

“Dəniz suyu həqiqətən də bəzi dəri xəstəliklərində, məsələn, atopik dermatit və ya psoriaz zamanı tərkibindəki duzlar və minerallar hesabına qısamüddətli müsbət təsir göstərə bilər. Lakin sağlam dəri üçün dəniz suyunun uzun müddət dəridə qalmasının faydalı olduğunu təsdiqləyən elmi sübutlar yoxdur. Müasir tibbi tövsiyələrə əsasən, dənizdən çıxdıqdan sonra bədəni şirin su ilə yumaq məsləhətdir. Dəri üzərində quruyan duz nəmliyi özünə çəkərək dərinin qurumasını artıra, qıcıqlanma yarada və dəri baryerini zəiflədə bilər. Bu xüsusilə həssas dərisi, ekzema xəstəliyi olan və ya uzun müddət günəş altında qalan insanlarda daha çox müşahidə olunur”.

media-img-20260714-wa0008

Həkim qeyd edir ki, dəniz suyunu dəridə uzun müddət saxlamaq faydalı deyil, əksinə dəriyə zərər verə bilər:

“Dəniz suyunun 1–2 gün ərzində dəridə saxlanılması tövsiyə edilmir. Bunun sübut olunmuş heç bir faydası yoxdur. Əksinə, dərinin quruması, qıcıqlanması və iltihabi dəyişikliklərin yaranma riskini artıra bilər. Ən düzgün yanaşma dənizdən sonra şirin su ilə duş qəbul etmək və daha sonra dəri baryerini bərpa etmək üçün nəmləndirici kremdən istifadə etməkdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər