Yayda ən tez zəhərləndirən qidalar, ilk əlamətlər və düzgün saxlanma qaydaları - HƏKİMDƏN VACİB TÖVSİYƏLƏR
Yay aylarında havaların isti keçməsi ilə əlaqədar qida zəhərlənmələrinin sayı artır. Bu yaxınlarda da müxtəlif məhsullardan, hətta halvadan və çörək məhsullarından belə zəhərlənmə halları qeydə alınıb. Müşahidələrimə görə, bu gün alınan kəsilmiş çörək ertəsi gün kəskin qoxu verir və ya kiflənir. Yay aylarında daha çox kütlə üçün hazırlanan qidalarda zəhərlənmələr baş verir. Məsələn, Azərbaycanda əsasən yas və toy mərasimlərində qidalardan kütləvi zəhərlənmə halları müşahidə olunur. Lakin bəzən ev şəraitində hazırlanan yeməklərdən də fərdi zəhərlənmə halları qeydə alınır. Hətta Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin son aylıq statistikasına görə, fərdi şəkildə xəstəxanalara müraciət edən xəstələr arasında dərman preparatları (doza həddinin aşılması və ya səhv qəbulu) və kəskin daxili yanıqlara səbəb olan sirkə turşusu zəhərlənmələri hələ də ilk sıralardadır.
Vətəndaşlara yay mövsümündə qida zəhərlənmələrindən qorunmaq üçün diqqət etməli olduqları qaydalar barədə Patrul.az-a həkim Mərdan Əliyev öz tövsiyələrini bölüşüb.
M. Əliyev həm ev şəraitində hazırlanan, həm marketdən alınan qidalar, həm də yay aylarında zəhərlənmə riski yüksək olan məhsullar barədə danışaraq vətəndaşlara bəzi çağırışlar edib:
“Havaların isti keçməsi bakteriyaların daha sürətli inkişaf etməsinə şərait yaradır. Buna görə də onlar qidaların içərisində sürətlə yaranaraq çoxalmağa başlayırlar. Müəyyən qidalar var ki, onlar bakteriyaların sevdiyi qidalı mühitdir. Bunlar zülallı, xüsusilə də tərkibində su və maye çox olan qidalardır. Yəni quru qidalarda bakteriyalar o qədər də inkişaf edə bilmir. Bakteriyaların inkişafı üçün müəyyən qədər maye, su və zülal olmalıdır.
Zülallı (proteyn) qidalar dedikdə söhbət ət və ət məhsulları, toyuq və balıq məhsullarından gedir. Bundan əlavə, kremli, mayonezli qidalar və süd məhsulları da bakteriyaların sevdiyi qidalardandır. Xüsusilə süd məhsullarının tərkibində maye çox olduğundan bu, onların inkişafı üçün əlverişli şərait yaradır. Həmçinin temperatur da optimal olduqda burada çox təhlükəli və sürətlə çoxalan bakteriyalar yarana bilir”.
Həmsöhbətimiz qidaların zəhərlənməyə səbəb olmaması üçün düzgün hazırlanması və saxlanılması qaydalarından da danışıb:
“Yay aylarında sadalanan məhsullarda bakteriyaların inkişafının və zəhərlənmənin qarşısını almaq üçün qidalar düzgün şəraitdə hazırlanmalı və saxlanılmalıdır. Belə olduqda mikroblar inkişaf etmir və insanlarda zəhərlənməyə səbəb olmur.
Qidanın düzgün hazırlanması dedikdə bunlar nəzərdə tutulur:
Əllər təmiz yuyulmalıdır. Çünki əllər çirkli və bakteriyalı olarsa, bu bakteriyalar qidaya keçir və orada sürətlə çoxalmağa başlayır.
Məsələn, biz əlimizi çiy ətə və ya toyuğa vurduqdan sonra, yaxud sanitar qovşaqdan istifadə etdikdən sonra əllərimizi mütləq təmiz yumalıyıq. Əgər bu qaydaya əməl etmədən yemək bişirməyə başlayırıqsa, həmin əllərlə qidanı çirkləndirmiş oluruq. Bu kimi hallar daha çox yay aylarında özünü göstərir. Çünki çirklənmiş qida qısa müddət ərzində otaq temperaturunda qalarsa, bakteriyaların sürətlə çoxalmasına səbəb olur”.
Həkimin mühüm tövsiyəsinə görə, isti havalarda məhsulların saxlanıldığı soyuducuların düzgün işləməsi də vacibdir:
“Xüsusilə yay aylarında qidalar mütləq soyuducuda saxlanılmalıdır. Hətta qida bişəndən dərhal sonra soyuducuya qoyulmalıdır.
Soyuducuda temperatur 4–5 dərəcədən aşağı olmalıdır.
Bu məqamda soyuducunun normal işləməsi də vacibdir. Onun qapısını uzun müddət açıq saxlamaq olmaz. Çünki qapı çox açıq qaldıqda və ya tez-tez açılıb-bağlandıqda temperatur yüksəlməyə başlayır. Nəticədə qidaların saxlanılması üçün lazım olan temperatur balansı pozulur. Bütün bu sadalanan qaydalara mütləq riayət etmək lazımdır.
Bundan əlavə, marketdən aldığımız ətli və ya kremli qidalara da diqqət yetirmək lazımdır. Əgər ətli məhsul yenicə və isti bişirilibsə, onu yemək olar. Əksinə, əgər yemək 2 saat əvvəl bişirilib və otaq temperaturunda qalıbsa, onu yemək təhlükəli ola bilər”.
M. Əliyev qida zəhərlənmələrinin ilkin əlamətlərini də sadalayıb:
“Qida zəhərlənməsinin mexanizminə əsasən, bakteriyalar çoxaldıqca toksin də ifraz edirlər. Biz belə qidaları qəbul etdikdə məhsulda olan bakteriyaların ifraz etdiyi toksinlər orqanizmimizə daxil olaraq qida zəhərlənməsinə səbəb olur.
Mədə-bağırsaq pozğunluğu ilk olaraq ürəkbulanma və qusma ilə başlayır. Sonra ishal qoşulur. Bəzən isə ishal əvvəl, ürəkbulanma və qusma isə sonra baş verə bilər. Daha yüngül zəhərlənmə hallarında ürəkbulanma və qusma olmur, yalnız ishal müşahidə edilir. Ağır hallarda isə həm ürəkbulanma, həm qusma, həm də ishal olur. Daha ağır hallarda insanın bədən temperaturu yüksələrək qızdırma yaranır. Nəticədə halsızlıq əmələ gəlir. Burada ən təhlükəli məqam isə maye itkisidir. Belə ki, qusma və ishal nəticəsində orqanizm çoxlu maye itirir. Ürəkbulanma səbəbindən insan maye də qəbul edə bilmirsə, bu, ən təhlükəli vəziyyət hesab olunur. Bu zaman mütləq infuziya şəklində məhlul köçürülməlidir”.
Gülbəniz Səfərova






