Yayda dincəlmək üçün Bakıdan gedənlər hara üz tutur? - Ən ucuz və ən baha rayonların SİYAHISI
Yay mövsümündə turist axınının artması regionlarda turizm sektoruna da təsirsiz ötüşmür. Səfərlərin çoxalması ilə həm yeni xidmət və əyləncə imkanları yaranır, həm də ictimai iaşə obyektləri arasında rəqabət güclənir. Bəs turist sayının artması regionlarda qiymətlərə və xidmət çeşidinə necə təsir edir?
Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov Patrul.az-a açıqlama verib. O qeyd edib ki, yay mövsümü turistlərin daha çox səyahət etdiyi dövrdür, dünyada turistlərin 80 faizə qədəri, demək olar ki, yay mövsümündə səyahətlər edir, istirahətlərini planlaşdırırlar və Azərbaycanda da bu istisna deyil:
‘’Çünki tətillərin olması, qeyri-iş günlərinin çox olması ailələrin birgə səyahət etməsi üçün imkanlar yaradır. Məktəblərin, universitetlərin tətildə olması da buna əlavə təşviq edir. Əlavə olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda regionlar üzrə müəyyən turizm destinasiyaları var: Qəbələ, Quba, Qusar, Lənkəran, Gəncə istiqaməti. Son dövrlər hətta paytaxtdan bir qədər uzaq olan Zaqatala, Balakən istiqamətlərinə də turistlərimiz səyahət edirlər. Turistlərin böyük əksəriyyəti bu mövsümdə öz qohum-əqrəbalarını, dostlatını ziyarət edirlər. Amma bunun yanında regionlara səfər edib həm turist kimi, daxili turist kimi səyahət edənlər, həm də otellərdə, kənd evlərində və villalarda qalanlar da az deyil’’.

Ekspert bildirir ki, infrastrukturu daha inkişaf etmiş və paytaxtdan təxminən 3 saata qədər olan istiqamətlər daha çox mənimsənilir, daha çox seçilir və həmin istiqamətlərə daha çox səfərlər olunur:
‘’Bunlar əsasən Qəbələ, Quba-Qusar istiqaməti, Şamaxı – bu istiqamətlər daha populyardır. Həmçinin Lənkəran istiqamətidir. Son dövrlər sürətli qatarın olması Gəncə istiqamətində də turistlərin sayını artırır. Çünki bu istiqamətlər, həm də adını birinci çəkdiyim istiqamətlər, əsas turizm bölgəsi kimi tanınan ərazilərdir. Burada qiymətlər nisbətən daha yüksəkdir. Amma Lənkəran və Gəncə istiqamətinə həm sürətli qatar gedir, həm rahat yolun olması, həm də Azərbaycanda hazırda, demək olar ki, ən əlverişli qiymətlərin Gəncə, Hacıkənd, Göygöl və bu istiqamətlərdə, xüsusən də Gəncə şəhərinin özündə olması bu bölgələrə marağı artırır. Qiymətlər ən rəqabətlidir’’.
C. Aşurov vurğulayıb ki, bu həm əlçatandır, həm daha əlverişlidir və turistlər daha az büdcə ilə burada daha çox zaman keçirə bilərlər:
‘’Çünki burada otellərin və restoranların qiymətləri Bakı ilə müqayisədə kifayət qədər əlverişlidir. Ona görə bu istiqamətlərə son dövrlər bəzi turistlər daha çox maraq göstərirlər. Əlbəttə ki, turistlərin axını artdıqca orada təşkilatlar da artır, infrastruktur inkişaf edir. Oradakı turistlərin vaxtlarını daha faydalı keçirmələri üçün əyləncə obyektlərinin sayı da artır. Bunlar bir-birini, demək olar ki, tamamlamış olur. Həm təkliflər artır, həm də tələb artdıqca, gələn turistlərin sayı çoxaldıqca ictimai iaşə obyektlərində rəqabət öz sözünü deyir. Nəticədə daha fərqli və çeşidli qiymətlər ortaya çıxır’’.
Sevinc Yarməmmədova






