İstidən tez yorulanların nəzərinə! - Təhlükədən qorunmağın yolları
Yay aylarında bir çox insan isti havalarda özünü daha halsız hiss etdiyini, adi günlərlə müqayisədə daha tez yorulduğunu deyir. Bəs bunun səbəbi nədir? İstilik həqiqətən orqanizmin enerjisini azaldır, yoxsa bu, sadəcə hiss etdiyimiz bir vəziyyətdir?
Patrul.az bu sualın cavabını araşdırıb.
Mütəxəssislərin sözlərinə görə, yüksək temperatur zamanı orqanizm bədən istiliyini normal səviyyədə saxlamaq üçün daha çox enerji sərf edir. Bu zaman damarlar genişlənir, tərləmə artır və bədən maye ilə mineralları itirir. Əgər itirilən maye vaxtında bərpa olunmazsa, halsızlıq, yorğunluq, diqqətin azalması və başgicəllənmə kimi əlamətlər yarana bilər. Bundan əlavə, isti hava yuxu keyfiyyətini də pisləşdirə bilər ki, bu da gün ərzində yorğunluq hissini artıran amillərdən biridir.
Nəticə olaraq, isti havada daha tez yorulmağın əsas səbəbi orqanizmin bədən temperaturunu tənzimləmək üçün əlavə enerji sərf etməsi və maye itkisidir. Bu riski azaltmaq üçün kifayət qədər su içmək, günün ən isti saatlarında ağır fiziki fəaliyyətdən çəkinmək və sərin mühitdə dincəlmək tövsiyə olunur.
Cəmilə Cəfərzadə






