"Öz dəyərinizi bəyənmə sayı ilə ölçməyin" - Elnur Rüstəmov
Sosial media insanların həyatını paylaşdığı platforma olmaqla yanaşı, bəzən özünü başqaları ilə müqayisə etdiyi virtual məkana da çevrilir. Xüsusilə gənclər sosial şəbəkələrdə gördükləri ideal həyat görüntülərini reallıq kimi qəbul edərək öz həyatlarını, görünüşlərini və uğurlarını başqaları ilə müqayisə edə bilirlər. Bəs sosial media gənclərdə bu müqayisə ehtiyacını niyə artırır və bu vəziyyət onların psixoloji vəziyyətinə necə təsir edir?
Mövzu ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Patrul.az-a fikirlərini bölüşüb. O bildirib ki, sosial media müasir dövrdə ünsiyyət, məlumat əldə etmək və özünüifadə üçün vacib platformaya çevrilib:
‘’Lakin xüsusilə yeniyetmələr və gənclər üçün bu platformalar bəzən real həyatın deyil, idealizə olunmuş həyatların nümayiş olunduğu bir məkana çevrilir. İnsanlar adətən gündəlik həyatlarının çətinliklərini deyil, uğurlarını, xoş anlarını, gözəl görünən tərəflərini paylaşırlar. Bu isə izləyicidə sanki başqalarının həyatı həmişə daha xoşbəxt, daha uğurlu və daha problemsizdir düşüncəsinin formalaşmasına səbəb ola bilər. Psixologiyada bu hal sosial müqayisə kimi tanınır. İnsan özünü davamlı olaraq başqaları ilə müqayisə etdikdə, xüsusilə də özünü daha uğurlu hesab etdiyi insanlarla müqayisə etdikdə, öz imkanlarını və həyatını olduğundan daha mənfi qiymətləndirməyə başlayır’’.
Psixoloq qeyd edib ki, bu vəziyyət zamanla özünəinamın azalmasına, özünü dəyərsiz hiss etməyə və həyatından narazılığın artmasına gətirib çıxara bilər:
‘’Xüsusilə, yeniyetməlik dövründə şəxsiyyət formalaşdığı üçün sosial medianın təsiri daha güclü hiss olunur. Bu yaş dövründə gənclər həm xarici görünüş, həm sosial status, həm də uğur baxımından özlərini başqaları ilə müqayisə etməyə daha meyilli olurlar. Filtrlərlə dəyişdirilmiş şəkillər, diqqətlə seçilmiş paylaşımlar və süni şəkildə yaradılmış mükəmməllik görüntüsü gənclərdə öz görünüşündən və həyatından narazılıq yarada bilər. Nəticədə narahatlıq, depressiv əlamətlər, sosial təcrid və davamlı təsdiq axtarışı kimi psixoloji problemlərin yaranma riski artır’’.

E. Rüstəmov vurğulayıb ki, burada əsas məsələ sosial medianın özü deyil, ondan necə istifadə edilməsidir:
‘’Sosial media düzgün istifadə edildikdə öyrənmək, inkişaf etmək, yeni bacarıqlar əldə etmək və faydalı əlaqələr qurmaq üçün əhəmiyyətli imkanlar yaradır. Problem, virtual dünyada təqdim olunan görüntülərin tam reallıq kimi qəbul edilməsindədir. Gənclərə başa salınmalıdır ki, sosial şəbəkələr insanların həyatının yalnız seçilmiş hissəsini göstərir. Hər bir insanın görünməyən çətinlikləri, uğursuzluqları və şəxsi mübarizələri var.
Valideynlərin və müəllimlərin də bu prosesdə rolu böyükdür. Gənclərlə açıq ünsiyyət qurmaq, onların sosial media təcrübələri ilə maraqlanmaq, tənqidi düşünmə bacarığını inkişaf etdirmək və öz dəyərini yalnız bəyənmə sayı, izləyici sayı və ya başqalarının rəyi ilə ölçməməyi öyrətmək vacibdir. Gənclərin idman, incəsənət, könüllülük və real sosial münasibətlər kimi fəaliyyətlərə cəlb olunması onların özünəinamını gücləndirən mühüm amillərdəndir’’.
Həmsöhbətimizin fikirlərinə görə, ən doğru müqayisə insanın başqaları ilə deyil, dünənki özü ilə apardığı müqayisədir:
‘’Sağlam psixoloji inkişaf üçün hər bir insan anlamalıdır ki, müqayisə ediləcək ən doğru insan başqaları deyil, insanın dünənki özüdür. İnkişafın ən etibarlı göstəricisi başqalarından üstün olmaq deyil, hər gün özünü bir qədər də inkişaf etdirməkdir’’.
Sevinc Yarməmmədova






