Pakistanda terror aktı: 14 nəfər ölüb, 24 nəfər yaralanıb
Pakistanın Xayber Paxtunxva əyalətinin Tank rayonundakı Manci Xel təhlükəsizlik postunda terror aktı törədilib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı kamikadze partlayıcı maddələrlə yüklənmiş avtomobili yüksək sürətlə birbaşa postun binasına çırpıb. Güclü partlayış nəticəsində nəzarət-buraxılış məntəqəsi tamamilə dağılıb, xidməti avtomobillər yararsız hala düşüb.
Hadisə nəticəsində 14 nəfər həlak olub. Ölənlər arasında 9 hərbçi, 4 polis əməkdaşı və Meşə Təsərrüfatı İdarəsinin 1 mülki əməkdaşı var. Daha 24 nəfər – 20 hərbçi və 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.
Xilasedicilər dağıntılar altında axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. Ən azı 3 hərbçinin hələ də dağıntılar altında qaldığı ehtimal olunur.
Hücumdan dərhal sonra təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb. Keçirilən əməliyyat zamanı hadisə ilə əlaqəsi olan 3 silahlı şəxs zərərsizləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb, bölgədəki tibb müəssisələrində fövqəladə vəziyyət elan edilib.
Gülbəniz Səfərova






