Macarıstanın baş naziri canlı yayım zamanı tüpürcəkli hücuma məruz qaldı - VİDEO
Macarıstanın Baş naziri Peter Magyar Budapeştdə canlı yayım zamanı tüpürcəkli hücuma məruz qalıb.
Patrul.az sosial şəbəkələrin Macarıstan seqmentində yayılan görüntülərə istinadən xəbər verir ki, hadisə paytaxtın “Nyugati” dəmir yolu stansiyasında baş verib.
Məlumata görə, Baş nazir Peter Magyar və Nəqliyyat və İnvestisiya naziri David Vitezy hökumətin yeni hazırladığı “Baross Gábor Dəmir Yolu İnkişaf Planı”nı ictimaiyyətə təqdim etmək məqsədilə mətbuat konfransının keçiriləcəyi istiqamətə hərəkət edən S70 qatarına minməyə hazırlaşırdılar. Həmin vaxt Baş nazir sosial şəbəkə hesabı üzərindən canlı yayım açaraq izləyiciləri ilə ünsiyyətdə olub.
Siyasətçilər sərnişin platformasında irəliləyərkən yaşlı bir kişi onlara yaxınlaşaraq qəzəbli şəkildə “Buraya gəlməyə necə cəsarət etmisiniz?” deyə qışqırıb və cavab almadıqda arxadan Baş nazirin olduğu istiqamətə tüpürüb.
Lakin Nazir David Vitezynin bədəni kameranın qarşısını kəsdiyi üçün həmin an vizual olaraq tam görünməsə də, tüpürcək səsi və siyasətçilərin ani diksinmə reaksiyası canlı yayıma aydın şəkildə düşüb.
Bundan sonra isə Baş nazir Peter Magyar hadisəyə aqressiv reaksiya verməyərək dərhal yaşlı kişiyə tərəf dönüb, sadəcə “Sizə cansağlığı arzulayıram” deyərək, yoluna davam edib.
Hadisədən sonra təşkil olunan rəsmi mətbuat konfransında və öz sosial media hesabında da məsələyə münasibət bildirən hökumət başçısı hücum edən şəxsdən rəsmən şikayətçi olmayacağını və ittiham irəli sürməyəcəyini açıqlayıb. O, hücum edən yaşlı kişini istehza ilə “Fidesz laması” adlandırıb. P. Magyar qeyd edib ki, cəmiyyətdəki bu nifrət keçmiş Baş nazir Viktor Orban və onun “Fidesz” partiyası tərəfindən illərdir dövlət resursları hesabına maliyyələşdirilən siyasi təbliğatın nəticəsidir.
Baş nazir tərəfdarlarını təmkinli olmağa çağırıb və qəzəbini idarə edə bilməyən bu cür insanların əslində “anlayışa və təsəlliyə” ehtiyacı olduğunu bildirib. O, xalqla birbaşa təmasını qorumaq üçün bu hadisədən sonra da xüsusi şəxsi mühafizə xidməti tələb etməyəcəyini vurğulayıb.
Gülbəniz Səfərova






