media-img-20260724-wa0038

Yay mövsümü bir çox insan üçün istirahət, səyahət və əyləncə ilə assosiasiya olunur. Sosial şəbəkələrdə paylaşılan tətil görüntüləri, tədbirlər və aktiv həyat tərzi isə bəzi insanlarda “yayı boşa verirəm”, “hamı nəsə yaşayır, mən isə geri qalıram” düşüncəsini yarada bilir. Nəticədə insanlar dincəlmək əvəzinə bütün günü harasa getmək, hər dəvəti qəbul etmək və heç nəyi qaçırmamağa çalışırlar.

Bəs, yay aylarında “yayı boşa verirəm” hissi və nəyisə qaçırmaq qorxusu (FOMO) niyə daha da güclənir? Bu hiss insanın psixoloji vəziyyətinə necə təsir edir və onunla sağlam şəkildə necə mübarizə aparmaq olar?

Bununla bağlı ailə və yeniyetmə psixoloqu Fəridə Şərifova Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə,yay gələndə bir çox insan sanki qısa müddətdə daha çox yaşamalı və hər anı dəyərləndirməli olduğu hissinə qapılır:

“Yay gələndə sanki hamımızın içində görünməz bir tələskənlik başlayır. Elə bil özümüzə deyirik ki, “Üç ay var, mütləq dincəlməliyəm, gəzməliyəm, xatirələr toplamalıyam”. Amma maraqlıdır ki, bu gözlənti bəzən bizi xoşbəxt etmək əvəzinə yorur. Psixoloji baxımdan bunun bir neçə səbəbi var. Birincisi, yay bizim beynimizdə azadlıq, istirahət və xoşbəxtlik mövsümü kimi kodlaşıb. Uşaqlıqdan yay tətili anlayışı ilə böyümüşük. Ona görə də yay gələndə fərqinə varmadan özümüzdən daha çox şey gözləyirik. Elə bil bu üç ay ərzində bütün ilin yorğunluğunu çıxarmalı, görmədiyimiz yerləri görməli, edə bilmədiyimiz hər şeyi etməliyik”.

F.Şərifova qeyd edir ki, sosial şəbəkələr və cəmiyyətin gözləntiləri yay aylarında insanlarda FOMO-nu (nəyisə qaçırmaq qorxusunu) və hər yerə çatmaq təzyiqini daha da gücləndirir:

“Digər tərəfdən isə sosial şəbəkələr bu hissi daha da gücləndirir. Telefonu açırıq, hər kəs dənizdədir, dağdadır, səyahətdədir, restorandadır. Təbii ki, biz həmin insanların həyatının cəmi bir neçə dəqiqəsini görürük, amma beynimiz bunu onların bütün yayı kimi qəbul edir. Nəticədə “Hamı yaşayır, bir mən geridə qalmışam” düşüncəsi yaranır. Bu da FOMO-nun – yəni nəyisə qaçırmaq qorxusunun əsas mexanizmidir. Azərbaycan cəmiyyətində bunun başqa bir tərəfi də var. Bizdə yay sadəcə istirahət deyil, həm də sosial aktivlik mövsümüdür. Toylar, nişanlar, bağ evləri, rayon səfərləri, ailə görüşləri… İnsan bəzən istirahət etmək əvəzinə hər yerə çatmağa çalışır. Çünki daxilində bir fikir olur: “Getməsəm, ayıb olar”, “Hamı gedib, mən də getməliyəm”. Bu isə artıq seçimdən çox sosial təzyiqə çevrilir”.

media-inshot_20260724_142123998

Psixoloqun fikrincə, yayı dolu yaşamağın əsas şərti hər yerə çatmaq deyil, özünə vaxt ayırıb dincəlməyi bacarmaqdır:

“Ən maraqlısı isə odur ki, yayı boşa verdiyini düşünən insanların çoxu əslində yayı yaşamır. Onlar yaşadıqları anı yox, yaşaya bilmədiklərini düşünürlər. Dənizdə olarkən başqa bir məkanı arzulayırlar, evdə olarkən isə sosial şəbəkədə gördüklərini. Beyin daim müqayisə etdikdə isə insanın əlində olan heç vaxt kifayət etmir. Məncə, yayın ən gözəl tərəfi çox yer gəzmək deyil. Yayın ən gözəl tərəfi insanın özünü günahkar hiss etmədən dincələ bilməsidir. Çünki yaxşı yay o yaydır ki, sonunda “Hamıya çatdım” yox, “Özümə vaxt ayıra bildim” deyə biləsən”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər