OpenAI rəqiblərə meydan oxuyur: “ChatGPT Atlas” işə salındı
OpenAI süni intellektlə işləyən yeni veb-brauzerini istifadəyə verib.
Patrulaz.az xəbər verir ki, “ChatGPT Atlas” adlanan bu brauzerin hazırda yalnız Mac əməliyyat sistemi ilə işləyən Apple noutbuklarında mövcud oluğu bildirilib.
Şirkət yaxın vaxtlarda brauzerin iOS, Microsoft Windows və Android platformalarına da tətbiq olunacağını açıqlayıb.
OpenAI-nin baş direktoru Sam Altman təqdimat videosunda Atlas-ı ChatGPT ətrafında qurulmuş süni intellektlə işləyən veb-brauzer kimi təqdim edib. O, bildirib ki, bu brauzer istifadəçilərə veb səhifələrlə söhbət etməyə imkan verəcək və gələcəkdə ənənəvi brauzerin URL çubuğunu əvəz edə bilər.
Altman həmçinin tabların əla olduğunu, lakin son dövrlərdə brauzerlərdə elə də yenilik görmədiyini bildirib.
OpenAI-nin məlumatına görə, ChatGPT-nin 800 milyondan çox istifadəçisi var.
Qeyd edək ki, Google Chrome brauzerinin dünya üzrə təxminən 3 milyard istifadəçisi mövcuddur və şirkət süni intellekt xüsusiyyətlərini öz “Gemini AI” texnologiyasına əsaslanaraq əlavə edir.






