media-112cf10c-457e-4e51-aa87-f33a4f858c7f

Son aylarda ABŞ Federal Təhqiqat Bürosu (FTB) azyaşlıları hədəf alan zorakı onlayn şəbəkələrin artması ilə bağlı ciddi xəbərdarlıq yayıb.

Patrulaz.az “New York Post”a istinadən xəbər verir ki, “764”, “Com”, “No Lives Matter”, “True Crime Community” kimi adlarla tanınan onlayn subkulturlar, əsasən oyun platformaları, sosial media və özünə kömək forumlarında gizlənərək yeniyetmələri və uşaqları psixoloji və fiziki zorakılığa sürükləyirlər. Bu subkulturalar nihilist zorakı ekstremizm ideologiyasını yayaraq, zorakılıq və ölümün normallaşmasına səbəb olur.

Araşdırma aparanların sözlərinə görə, qurbanlar əvvəlcə etibarlı münasibət qurmaqla aldanır, daha sonra isə onlardan bədənlərinə sui-istifadə edənlərin adlarını yazmaq, seksual xarakterli videolar paylaşmaq və ya özlərinə xəsarət yetirmək tələb olunur. Hətta, onların bir çoxu canlı yayımlarda intihara məcbur edilir.

“Bu, kabusların internetdəki təcəssümüdür”, – deyə FTB nümayəndəsi bildirib. O əlavə edib: “Bu şəbəkələr təkcə uşaqları hədəfə almır, eyni zamanda onlarda ölümə və zorakılığa meyl yaradır. Valideynlər övladlarının onlayn fəaliyyəti ilə bağlı daha diqqətli olmalıdır”.

Qeyd edək ki, bu şəbəkələrin təsiri təkcə virtual aləmlə məhdudlaşmır. 2024-cü ilin sonunda ABŞ-də iki məktəbli silahlı hücumlar törədib. Onlar özünü öldürməzdən əvvəl ekstremist forumlarda yazdıqları manifestlərlə diqqət çəkiblər. Hər iki gəncin bu forumlarda fəal olduğu və əvvəlki kütləvi atıcılara heyranlıq bəslədikləri təsdiqlənib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər