Paytaxtda yeni quraşdırılmış “ağıllı svetoforlar”ın üstünlüyü nədədir? - Nəqliyyat ekspertindən İZAH
Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı svetoforlar” (adaptiv) quraşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat verib.
Bu yenilik gündəlik sürücü və piyadaların vaxt itkisini minimuma endirməyi, ümumi yol hərəkəti mədəniyyətini isə daha səmərəli səviyyəyə çatdırmağı hədəfləyir.
Maraqlıdır ki, “ağıllı svetoforlar”ın digərlərindən üstünlüyü nələrdir? Onlar nəqliyyat axınına necə təsir göstərəcək?
Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Patrul.az-a açıqlamasında bildirib ki, adaptiv sistemlər nəqliyyat axınını daha sürətli və səmərəli idarə etməyi təmin edəcək:

“Dünyada baş verən hadisə və proseslərə adekvat addımların atılması, mənim fikrimcə, ən uğurlu strateji gedişlərdən biridir. Çünki nəqliyyat axınlarının tənzimlənməsində əsas və vacib amillərdən biri axının müəyyən istiqamətlər üzrə düzgün idarə olunmasıdır. Bu məsələ müxtəlif dövrlərdə fərqli cür izah oluna bilər, lakin müasir texnologiyalar şəraitində hərəkət üstünlüyünə malik olan küçələrin rentabelliyinə əsaslanaraq bunu həyata keçirmək mümkündür. Məsələn, hansı küçədə nəqliyyat axınının daha çox olduğu, hansı küçələrdə insanların intensiv hərəkət etdiyi nəzərə alınmalıdır. Eyni zamanda, piyadaların hərəkəti də diqqətdən kənarda qalmamalıdır. Burada söhbət işıqforlardan gedir və keçidi olan piyadalar da mütləq şəkildə nəzərə alınmalıdır. Yəni bu məsələ yalnız piyadalarla və ya yalnız avtomobillərlə məhdudlaşa bilməz; bu, qarşılıqlı və kompleks bir tənzimləmə sistemidir.
Məhz buna görə də bu cür sistemlərin nəqliyyat axınlarının idarə olunmasında tətbiqi zəruridir. Digər hərəkət iştirakçıları ilə işıqforların və yol kəsişmələrinin düzgün ayrılması isə bu prosesi daha da sürətləndirəcək və səmərəliliyini artıracaq. Ümumilikdə, bu yanaşma prosesin əsas reqlamentini təşkil edəcəkdir”.
Cəmilə Cəfərzadə






