"Piyadalar hərəkət iştirakçılarının ən az sosial təminatlı hissəsidir" - Nəqliyyat eksperti
Azərbaycanda piyadaların yol hərəkəti qaydalarını pozmasına görə müəyyən cərimələr tətbiq olunur. Məsələn, qırmızı işıqdan keçmək, zolaqdan kənar hərəkət etmək və ya piyada keçidini düzgün istifadə etməmək kimi pozuntular qanunvericilikdə nəzərdə tutulub və bunun üçün müəyyən məbləğdə pul cəriməsi nəzərdə tutulur.
Maraqlıdır ki, hazırda bu cərimələr praktikada tətbiq olunurmu və hansı formada həyata keçirilir? Eyni zamanda, gələcəkdə bu cərimələrin miqdarının artımı gözlənilirmi?
Mövzu ilə bağlı Patrulaz.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, piyadalar üçün cərimələr tətbiq olunur və gələcəkdə cərimə məbləğinin artırılacağı düşünülmür:
“Cərimələrlə bağlı onu demək olar ki, bəli, cərimələr Azərbaycan Respublikası ərazisində 20, 40, 80, 100 və 200 manat həddinə qədər ola bilər. Çünki bu cərimələrin ən yüksək miqdarını kütləvi halda, koronavirus dövründə maska taxmamağa görə 200 manat cərimə tətbiq olunduğunu görmüşük.
Bundan başqa, Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi ilə bağlı da cərimələr mövcuddur. Bunlar piyadaların keçidlərdən düzgün keçməməsinə görə tətbiq olunur və məbləği 20–40 manat nəzərdə tutulub. Bu cərimələrin mahiyyəti ondan ibarətdir ki, protokol tədbirləri zamanı yazıla bilər.
Cərimələrin gələcəkdə artacağını düşünmürəm, çünki bunun üçün kifayət qədər əsas yoxdur. Hər halda, Azərbaycanda ən çox cərimələnmələr nəqliyyat vasitələrini idarə edən şəxslərə aiddir. Piyadalar isə yol hərəkətinin iştirakçılarının ən az təminatlı üzvləridir, ona görə də bu məbləğ kifayət edir”.
Cəmilə Cəfərzadə






