Pulsuz, amma təhlükəli: İctimai Wi-Fi istifadəçiləri hansı risklərlə üz-üzədir? - ŞƏRH
Gündəlik həyatda restoran, kafe, hotel, mağaza, ofis və ticarət mərkəzlərinin (malların) təqdim etdiyi ictimai Wi-Fi şəbəkələrindən minlərlə insan istifadə edir. Rahat və pulsuz olduğu üçün çoxlarının ilk seçimi də elə bu şəbəkələr olur. Lakin ictimai Wi-Fi-lərin təhlükəsizlik səviyyəsi həmişə yüksək olmur və bu, istifadəçiləri müəyyən risklərlə üz-üzə qoya bilər. Şifrələnməyən bağlantılar, eyni şəbəkədə olan şəxslərin məlumatları ələ keçirməsi və kiberhücum riski ən çox rastlanan problemlərdəndir. Buna görə də belə şəbəkələrə qoşularkən ehtiyat tədbirlərinə əməl etmək vacibdir.
Bəs ictimai Wi-Fi-dən istifadə nə qədər təhlükəlidir və bu zaman özümüzü necə qoruya bilərik?
Bu barədə İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, ictimai Wi-Fi rahat olsa da, xüsusilə şəxsi hesablar və maliyyə əməliyyatları zamanı məlumatların oğurlanması riski yüksəkdir:
“İctimai Wi-Fi (kafe, hava limanı, otel, ticarət mərkəzi və s.) rahatdır, amma təhlükəsizlik baxımından müəyyən risklər vardır. Risk səviyyəsi istifadə edilən fəaliyyətə görə dəyişir.
Əsas risklər:
1. Şifrəsiz məlumatlar üçüncü şəxslər tərəfindən oxuna bilər.
2. Hücumçu sizinlə sayt arasında “vasitəçi” ola bilər.
3. Orijinal şəbəkə adını təqlid edən tələ kimi şəbəkələr.
4. Giriş tokenlərinin ələ keçirilməsi ilə hesabınıza girmə.
5. Açıq şəbəkədə yoluxma riski.
Bəzi əməliyytlarda daha təhlükəli ola bilər
1. Bank əməliyyatları, kart ödənişləri
2. E-poçt, sosial şəbəkə, iş sistemlərinə giriş
3. Şəxsi faylların göndərilməsi/yüklənməsi
4. Köhnə və ya yenilənməyən cihaz istifadə edildikdə
Risk nə qədərdir?
1. Sadəcə xəbər oxumaq / video izləmək: Aşağı-orta risk
2. Hesablara giriş, parol yazmaq: Yüksək risk
3. Maliyyə əməliyyatları: Çox yüksək risk”.

Ekspert həmçinin vurğuladı ki, ictimai Wi-Fi-dən istifadə edərkən ən etibarlı qorunma yolu VPN və mobil internetə üstünlük verməkdir:
“Necə qoruna bilərik?
1. VPN istifadə edin (ən effektiv üsul hesab olunur)
2. Yalnız HTTPS saytlarına daxil olun
3. İki mərhələli təsdiq (2FA) aktiv olsun
4. Avtomatik Wi-Fi qoşulmanı söndürün
5. Paylaşım (file sharing) funksiyalarını bağlayın
6. İctimai Wi-Fi-də bank/ödəmə etməyin
7. Mümkünsə mobil internet (4G/5G) istifadə edin
İctimai Wi-Fi tam təhlükəsiz deyil. Diqqətli olmaq şərti ilə. zəruri hallarda istifadə etmək mümkündür, Ən təhlükəsiz seçim isə mobil internet və ya etibarlı iş VPN-dir”.
Cəmilə Cəfərzadə






