” “Qarabağ”ın şansı daha çoxdur”- ARİF ƏSƏDOV
“Qarabağ bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin 7-ci turunda Rumıniyanın FCSB komandası ilə qarşılaşacaq və bu oyunun mahiyyəti komandımız üçün çox vacibdir. Bugünkü oyunda qələbə qazanmağımız xüsusilə önəmlidir. Çünki bu oyunu son şans olaraq qiymətləndirməliyik”.
Bu sözləri “Patrulaz”a açıqlamasında futbol eksperti Arif Əsədov UEFA Avropa Liqasında Liqa mərhələsinin 7-ci turunda “Qarabağ”ın Bakıda Rumıniya təmsilçisi “FCSB”yə qarşı keçirəcəyi oyunu şərh edərkən bildirib.
“Qazanılacaq qələbə sayəsində “köhlən atlar” növbəti oyun və mərhələyə çıxmaq şansını saxlayır:
“Rəqib komandaya isə buradan xal toplayaraq qayıtmaq çox vacibdir. “Qarabağ”ın hazırda heyət baxımdan müəyyən problemləri var. Belə ki, hücumda Juninyonun olmaması, müdafiədə isə mərkəz müdafiəçilərin zədələnməsi və zədədən sonra yenidən oyuna qayıtması komandamız üçün problemlər yarada bilər. “Qarabağ”ın əsas üstünlüyü isə azərkeşləri və rəqibi evdə qəbul etməsidir. Eyni zamanda oyun baxımından da “Qarabağ” rəqibindən daha üstündür. Rəqib möhkəm, əzmkar komandadır. Bu baxımdan vacibdir ki, “Qarabağ” tez bir zamanda hesabı açsın. Əks təqdirdə rəqib “Qarabağ”ı əks hücumlarda yaxalaya bilər. Buna görə də Ağdam təmsilçisi tez bir zamanda hesabı açaraq oyuna davam etməlidir.
Ümumilikdə isə bu gün “Qarabağ”ın şansı daha çoxdur”.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB matçı bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.